Elçin Əmirbəyov Efiopiyada işgüzar səfərdə olub FOTO
Siyasət 19 Noy 2025 11:33:00 58 0
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Efiopiya Federativ Demokratik Respublikasına işgüzar səfəri çərçivəsində Efiopiyanın Baş naziri Abiy Ahmed Ali, Prezident Taye Atske Selassi, Parlamentin sədri Tagesse Çafo və xarici işlər naziri Gedion Timotheos ilə görüşlər keçirib.
Bu xəbəri də oxu: Əlaqələndirmə Qərargahının üzvləri Zəngəzur dəhlizi üzrə görülən işlərlə tanış olublar
Aparılan danışıqlar zamanı iki ölkə arasında münasibətlərin indiki durumu və inkişaf imkanları ətraflı şəkildə müzakirə olunub. Ölkəmizin Afrika qitəsi ilə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulayan Elçin Əmirbəyov, Efiopiya ilə son zamanlar ikitərəfli və çoxtərəfli müstəvidə müxtəlif sahələrdə dinamik inkişaf edən əməkdaşlıqdan məmnunluğunu ifadə edib, münasibətlərin təkmilləşdirilməsi üçün mühüm potensialın mövcud olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.
Prezidentin nümayəndəsi ötən ilin noyabr ayında COP29 çərçivəsində hər iki ölkə Prezidenti arasında Bakıda baş tutan görüşün xüsusi önəmini qeyd edib. Sözügedən görüşün ikitərəfli əməkdaşlığın konkret sahələrini müəyyən etdiyini xatırladan E.Əmirbəyov, ondan sonra baş tutmuş yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasında Azərbaycan tərəfinin Efiopiya ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib. Bu xüsusda, Efiopiyanın Baş nazirinə ölkəmizə səfərə dair Prezident İlham Əliyevin dəvəti diqqətə çatdırılıb.
Baş nazir Abiy Ahmed Ali Azərbaycan Prezidenti İlham Əliyevə dəvətinə görə öz təşəkkürünü bildirib və ölkəmizə məmnuniyyətlə səfər edəcəyini bildirib. Azərbaycanın Efiopiyada müxtəlif istiqamətlərdə apardığı fəaliyyəti yüksək qiymətləndirən Baş nazir, ölkəmizi etibarlı və səmimi dost hesab etdiyini vurğulayaraq, xüsusilə "ASAN Xidmət" modelinin tətbiqi vasitəsilə ölkəsində ictimai və dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına verdiyi töhfəyə görə rəsmi Bakıya minnətdarlığını ifadə edib. Baş nazir ölkələrimiz arasında kənd təsərrüfatı, mədən sənayesi, təhsil, müdafiə və hərbi sənaye, bərpa olunan enerji, ticarət və sərmayələr sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün geniş potensial olduğunu nəzərə çatdıraraq bütün bu istiqamətlərdə Azərbaycanla sıx işləməyə hazır olduğunu bildirib.
Baş nazir, həmçinin Azərbaycanın COP29-da qazandığı uğurlu təcrübəsinə istinad edərək COP32-nin təşkilində Efiopiyaya dəyərli dəstək göstərilməsini xahiş edib. Elçin Əmirbəyov, öz növbəsində, COP32-yə sədrlik etməsinə dair qəbul edilmiş qərar münasibətilə qarşı tərəfi təbrik edib və Azərbaycanın müvafiq tədbirin təşkili ilə bağlı Efiopiya ilə təcrübə və məlumat mübadiləsi aparmağa hazır olduğunu vurğulayıb.
Görüş ərzində qarşı tərəf Ermənistanla münasibətlərin normallaşma prosesi üzrə əldə olunan irəliləyiş münasibətilə Azərbaycan tərəfinə səmimi təbriklərini çatdıraraq, Prezident İlham Əliyevə dərin hörmət və ən xoş arzularını ifadə edib.
Prezident Taye Atske Selassi keçən il Bakıda Azərbaycan Prezidenti ilə keçirdiyi səmimi və səmərəli görüşü xatırladaraq bildirib ki, həmin fikir mübadiləsi iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəlməsinə vacib təkan verib. Prezident dost saydığı Azərbaycanla ikitərəfli əlaqələrin inkişafına öz tərəfindən hər cür dəstək verməyə hazır olduğunu dilə gətirib.
Xarici işlər naziri Gedion Timotheos sadiq tərəfdaş kimi Azərbaycanla əməkdaşlığın institusional əsasda hüquqi bazasının zənginləşdirilməsinə və həmin əməkdaşlığın yeni, praktiki sahələrlə təkmilləşdirilməsinə marağını ifadə edib.
Parlamentin spikeri Tagesse Çafo ilə görüşdə E.Əmirbəyov xalqlar arasında əlaqələrin gücləndirilməsi baxımından parlamentlərarası təmasların vacibliyinə toxunub. Spiker son dövrlərdə dostluq qrupları vasitəsilə ikitərəfli parlament əməkdaşlığında müşahidə olunan müsbət dinamikanı yüksək qiymətləndirib və parlamentlərarası əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatlarda genişləndirilməsinə maraqlı olduğunu səsləndirib.
Səfər çərçivəsində həmçinin Afrika İttifaqı Komissiyasının sədri Mahmud Ali Yusuf ilə görüş keçirilib. Görüşdə E.Əmirbəyov Azərbaycan Prezidenti İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında iştirak məqsədilə sədrə ünvanladığı dəvətnaməni diqqətə çatdırıb. Azərbaycan tərəfinin Qoşulmama Hərəkatına sədrliyi ərzində Afrika İttifaqına üzv ölkələrlə əlaqələrin inkişaf etdirilməsinin prioritet sahələrdən biri təşkil etdiyi qeyd olunub.
Bunun müqabilində, qarşı tərəf Azərbaycanın Afrika qitəsi ölkələrinə humanitar yardım, habelə rəqəmsal innovasiya, dövlət xidmətlərinin transformasiyası, səhiyyə, təhsil, qabaqcıl rabitə və bir sıra digər istiqamətlərdə göstərdiyi səmimi və dəyərli dəstəyə görə minnətdarlığını ifadə edib. Sədr ölkəmizlə münasibətlərin institutsionallaşdırılması üzrə fəaliyyət göstərməyə hazır olduğunu qeyd edib. Görüş zamanı Afrika İttifaqı ilə Azərbaycan arasında strateji əlaqələrin genişləndirilməsinə yönəlik perspektivli çərçivə sazişinin hazırlanmasına niyyət ifadə olunub.
Danışıqlar zamanı E.Əmirbəyov Efiopiya tərəfini Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlər, regionda dayanıqlı sülhün təmin edilməsi üçün atılan addımlar barədə ətraflı məlumat verib. Bu kontekstdə, Zəngəzur dəhlizinin, o cümlədən Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun Cənubi Qafqazın tranzit potensialının gücləndirilməsinə, o cümlədən regionda sülhün və təhlükəsizliyin təmin olunmasına töhfəsi baxımından strateji əhəmiyyəti izah olunub.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Efiopiyanın aparıcı beyin mərkəzlərindən biri olan Xarici Əlaqələr İnstitutunun təşkilatçılığı ilə Azərbaycan-Afrika İttifaqı, eləcə də Azərbaycan-Efiopiya münasibətləri, Cənubi Qafqazda baş verən geosiyasi proseslər, "Orta Dəhliz" və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın rolu barədə geniş təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb.
Görüşlərdə Elçin Əmirbəyov Ermənistanın təxminən 30 il davam edən işğal siyasətinin nəticəsi kimi Azərbaycanın mədəni irs abidələrinin dağıdılması və ölkəmizin genişmiqyaslı mina problemi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb, bu mövzulara dair nəşrləri onlara təqdim edib.
Səfər çərçivəsində, Elçin Əmirbəyov həmçinin Efiopiyanın nüfuzlu media qurumu "FANA TV"yə müsahibə verib.
Sosial şəbəkələrdə qadınlara şirnikləndirici təkliflər edilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yol hərəkətin
Binəqədi Rayon Məhkəməsində vəkil Cavidan Osmanlının müğənni Dəniz
Toyota ailə dostu funksionallığı və müasir zərifliyi ilə yenilənmiş Co
Paytaxtın Yasamal rayonunda yerləşən MİDA yaşayış kompleksinin ərazisin
"2025-ci ilin üçüncü rübünün sonuna bank sektorunun aktivləri 12 ay
Xəbər verdiyimiz kimi, Azərbaycan rəqs sənətinin əfsanəsi, xalq artisti,
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Trampl
Müharibənin artıq aydın cəbhə xətləri olmayan, tankların deyil, alqorit
"Vikipediyanın yaradıcısı" kimi tanınan Cimmi Ueyls verdiyi son m
Mərkəzi Bank son illərdə bank sektorunun maliyyə dayanıqlığının artır
"WhatsApp" iOS istifadəçiləri üçün beta versiyada multihesab də
Ölkəmizin rəqəmsallaşma siyasəti artıq formalaşıb və dövlətin rəqə
Aktyor Billi Bob Tornton keçmiş həyat yoldaşı Ancelina Colinin qanını da�
