“Xüsusi cihad”: İsrail düşmənini HƏMASa qarşı silahlandırır


Siyasət 15 İyl 2025 09:30:00 68 0

“Xüsusi cihad”: İsrail düşmənini HƏMASa qarşı silahlandırır

Qəzza zolağı - burası təkcə silah səsləri, dağıntılar və blokadalarla tanınmır. Bu dar, amma həmişə qaynar bölgədə bəzən elə oyunlar qurulur ki, onların məntiqini ən təcrübəli politoloq belə anlamaqda çətinlik çəkər. Son aylarda Qəzzada baş verənlərdən biri məhz belə bir hadisədir: HƏMAS-ın "içindən" və ya ən azı onunla paralel gedən bir başqa radikal silahlı dəstə - İsraillə gizli əlaqələr qurduğu açıq-aşkar ortaya çıxıb.

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Söhbət Yəsir Əbu Şabab adlı fiqurdan gedir. Bu adam bir vaxtlar özünü ifrat dindar, əqidəsinə sadiq döyüşçü, HƏMAS-ı isə "yumşaq", "liberal" və "süquta uğramış" kimi təqdim edirdi. Amma yaxın keçmişdə baş verən bir açıqlama sanki bütün bölgəni sarsıtdı: Əbu Şabab etiraf etdi ki, onun silahlı dəstəsi İsrail tərəfi ilə əlaqə saxlayır və bir çox hərbi əməliyyatlarını əvvəlcədən İsrail kəşfiyyat qurumları ilə razılaşdırır.

Bu bəyanat sadəcə HƏMAS-ın deyil, eyni zamanda "cihadın təmizliyi"nə inanan bütün qüvvələrin üzünə tüpürmək idi. Əbu Şabab və onun dəstəsinin illərlə formalaşdırdığı "ideoloji təmizlik" platforması bir göz qırpımında dağılmış oldu. Məlum oldu ki, islamçı ritorika arxasında əslində çirkli siyasi sövdələşmələr və İsraillə planlaşdırılmış koordinasiya yatır.

Müharibənin aktiv fazasına qədər Əbu Şababın komandası özlərini guya daha "əqidəli", daha "şəriətə sadiq", HƏMAS-dan daha "radikal" qruplaşma kimi təqdim edirdi. Onlar HƏMAS-ı "şəriətdən uzaqlaşmaqda", "seçkilərdə iştirak etməklə küfrə meyl göstərməkdə", hətta "feminizmə rəvac verməkdə" ittiham edirdilər. Onların bu davranışı səbəbindən bir çox analitiklər onları İŞİD-lə əlaqələndirirdi. Amma indi aydın olur ki, onların əsl tərəfdaşları Raqqada və ya Tehranda yox, birbaşa Qüdsdə imiş.

Əbu Şababın etirafları təkcə onun öz dəstəsini yox, bütövlükdə radikal "islam müqaviməti" konsepsiyasını sarsıtdı. Aydın oldu ki, bığ, saqqal, Quran sitatları və yahudilərə qarşı qəzəbli çıxışların arxasında çox vaxt pulla işləyən muzdlular, mənafeyi üçün dinlə oynayan simalar gizlənir.

Qəzzada apardığım səfər zamanı yerli bir sakinin dediyi sözlər yaddaşımdan silinmir: "Onlar camaatdan uzaqda söyüş söyür, siqaret çəkir, qadınlardan danışır... Sonra da camaatın qarşısına çıxıb özlərini mömin kimi təqdim edirlər". Bu cümlə təkcə bir məişət müşahidəsi deyil - bu, bölgədəki dini radikalizmlə onun real davranışı arasındakı uçurumun əyani sübutudur.

HƏMAS həmişə özünü "islamın həqiqi müdafiəçisi" kimi təqdim edib. Adı da elə "İslam Müqavimət Hərəkatı"nın abbreviaturasıdır. Amma 2006-cı ildə hakimiyyətə gəldikdən sonra onun ətrafına tənqid yağmağa başladı: seçkilərdə iştirak etdiyinə görə, İsraillə dialoq cəhdlərinə görə, şəriətin dərhal tətbiqində tərəddüdlərə görə və ən əsası - dini sərtliyin olmamasına görə.

Bu fonda daha radikal salafi qruplar meydana çıxdı və sürətlə nüfuz qazandı. "Ceyş əl-Ümmə" kimi silahlı dəstələr açıq şəkildə HƏMAS-ı "mürtəd", yəni dindən dönmüş elan etdi və onu əsl cihaddan azmış qurum kimi təqdim etdi. Əbu Şabab da məhz bu ekstremist dalğanın məhsulu idi. Amma indi aydın oldu ki, bu "təmizlik" də şou imiş - zahirdə şəriət, batində isə İsraillə planlı əməkdaşlıq.

Bu "cihadçı" adlandırılan qrupların illərlə birləşə bilməməsinin bir səbəbi də onların əsl təbiətində gizlənirdi. Çünki onların əksəriyyəti dini ritorikanı öz kriminal bizneslərini - silah, narkotik və qızıl qaçaqmalçılığını ört-basdır etmək üçün istifadə edirdi. Qəzzadakı bəzi bədəvi tayfalar, nə vaxtsa sərhədlər arasında qaçaqçılıqla məşğul idilər, indi isə birdən-birə "Allahın döyüşçüləri"nə çevrildilər - o andan başlayaraq ki, HƏMAS bu qanunsuz ticarəti sıxışdırmağa başladı.

Yerin altı tunellərlə dolu idi: o tunellərlə yalnız raket və silah yox, həm də soyuducu, televizor, narkotik, valyuta, qızıl daşınırdı. Yerin üstündə isə "cihada çağırışlar", dualar, təmtəraqlı ibadətlər səslənirdi. Camaat üçün bu sanki bir müqəddəs savaş idi. Amma əslində bu savaşın əsas hədəfi - bazarlara və qaçaqmalçılıq marşrutlarına nəzarət idi.

HƏMAS-ın tərsi: İsrail çöldən çıxan "cihadçıya" necə ümid bağladı

İyun 2025. Qəzza. Yaxın Şərq mediasının başlıqları bir anda yeni adla doldu: Yəsir Əbu Şabab. Bu ad indiyədək ancaq İsrailin xüsusi xidmət orqanlarına və Qəzzadakı silah alverçilərinə tanış idi. Amma indi - keçmiş İsrail müdafiə naziri Aviqdor Liberman onu "Qəzzadakı İsrailpərəst milisin lideri" kimi təqdim edir. Hətta Libermana görə, bu silahlı dəstə birbaşa İsrailin maliyyə dəstəyi ilə fəaliyyət göstərir.

Əslində, Əbu Şababın adı illərdir Qəzza və Sina yarımadasında silah, narkotik və insan qaçaqmalçılığı ilə bağlı ara-sıra hallanırdı. Amma bu dəfə o, təkcə kriminal avtoritet kimi yox, həm də "cihadçı" və - nə qədər paradoksal səslənsə də - İsrailin tərəfdaşı kimi təqdim olunur. Yəni klassik Yaxın Şərq mənzərəsi: eyni adam həm cinayətkar, həm ideoloq, həm də düşmənlə əlbir ola bilir.

Ərəb KİV-lərinin yazdıqlarına görə, Əbu Şababın yolu tipik bir trayektoriya ilə keçib: kriminal liderlikdən silahlı dini liderliyə. Onun dəstəsi uzun illər Qəzzada və Sina bölgəsində fəaliyyət göstərib - elə ərazilərdə ki, vaxtilə İŞİD-in silahlıları orada hökmranlıq edirdi. Bu fakt da Əbu Şababın "İslam Dövləti" ilə əlaqədə ittiham olunmasına səbəb olub. Amma heç vaxt onun birbaşa İŞİD üzvü olduğuna dair sübut tapılmayıb.

Avropanın Xarici Əlaqələr Şurasının analitiki, özü də Qəzzadan olan və açıq-aşkar İsrail əleyhdarı kimi tanınan Məhəmməd Şəhədə iddia edir ki, 2023-cü ilin oktyabrında HƏMAS İsrailə hücum edəndə Əbu Şabab narkotik qaçaqmalçılığına görə həbsdə imiş. Amma indi həmin adamın başçılıq etdiyi dəstənin sayı 300 nəfəri ötür və İsrail üçün həm kəşfiyyat işi görür, həm də "humanitar" məsələləri həll edir. Onun silahlıları HƏMAS-ın arxasında hərəkət edir, hədəfləri izləyir, həm də guya beynəlxalq humanitar fondların anbarlarından "ələ keçirilmiş" ərzaq və dərmanlarla Qəzzanın cənubunda qaçqın düşərgələri təşkil edir.

Şəhədənin dedikləri, şübhəsiz, müəyyən şübhə doğurur. Onun anti-İsrail mövqeyi məlumdur, və bəlkə də bu faktları şişirdir. Amma məsələ artıq şəxsi təəssüratdan çox real hadisəyə çevrilib. Çünki bir neçə gün əvvəl elə Əbu Şababın özü İsrailin ərəbdilli radio stansiyasına müsahibə verib. Elə bu faktın özü - yəni HƏMAS-ın "xain" adlandırdığı bir adamın İsrail mediasına açıq danışması - artıq sensasiyadır.

Müsahibədə Əbu Şabab təsdiqləyib ki, silahlı dəstəsinin fəaliyyətlərini İsrailin hərbi strukturları ilə koordinasiya edir. Onun sözlərinə görə, bu "situativ ittifaqdır" - ortaq düşmənə qarşı, yəni HƏMAS-a. O, eyni zamanda İŞİD-lə hər hansı bir əlaqəsini və İsraildən maliyyə dəstəyi aldığını təkzib edib: "Əgər lazımdırsa, israillilərsiz də döyüşəcəyik", - deyə bildirib. Məqsəd isə guya "Qəzzanı HƏMAS tiraniyasından azad etmək" imiş.

Bu ritorika Əbu Şababın may ayında verdiyi bəyanatlarla tam ziddiyyət təşkil edir. Həmin vaxt o, İsraillə əlaqələri inkar edir, "işğalçı dövlətdən" heç vaxt tərəfdaş olmayacağını bildirirdi. Amma o vaxt da "əgər HƏMAS-ı məhv etmək üçün əməkdaşlıq lazımdırsa, istisna etmirəm" - deyə bir cümlə işlətdi. Bu da açıq qapı saxlayan ritorika idi.

İsrail görünür artıq o "istisinanı" reallığa çevirib. Seçim də təsadüfi olmayıb. Əgər Əbu Şababın silahlı dəstəsi doğrudan da 300 nəfərlikdirsə, bu, Qəzzadakı ən böyük silahlı müxalifət qüvvəsidir. Məsələn, "Ceyş əl-Ümmə" kimi ultra-radikal qruplar maksimum iki-üç onluq fanatikin toplusudur və HƏMAS üçün idarəolunmazdır. Amma Əbu Şababın qruplaşması daha intizamlı, daha silahlı və xüsusən Rəfəh bölgəsində - strateji cənub qovşağında çox aktivdir.

Ən maraqlısı budur ki, Əbu Şabab ideoloq deyil, praktikdir. Onu nə islam teologiyası, nə də şəhidlik mifi maraqlandırır. Onu maraqlandıran - nəzarət, pul və təsirdir. İsrail üçün isə məhz belə fiqur sərfəlidir: başağrısı yaratmır, prinsip tələb etmir, özünü "iş adamı" kimi aparır. Qısası, mifik "mücahid" yox, real mafioz.

Bu arada HƏMAS da əli-qolu bağlı oturmur. Qəzzanın İnqilabi Məhkəməsi Əbu Şababın həbsinə order verib. Onu dövlətə xəyanətdə, düşmənlə əlaqədə, qanunsuz silahlı qrup yaratmaqda və üsyan planlaşdırmaqda ittiham edirlər. Məhkəmə ona 12 iyula qədər könüllü təslim olmaq üçün vaxt verib. Əks halda - iş qiyabi şəkildə aparılacaq.

Əbu Şabab nə qərar verəcək - hələ bilinmir. O, yenidən kölgəyə çəkiləcək, yoxsa "alternativ islamçı müqavimət"in simasına çevriləcək? Amma bir şey aydındır: Qəzzada artıq HƏMAS-a təkcə ideoloji və hərbi deyil, həm də diplomatik meydan oxuyan yeni bir güc peyda olub.

Bu isə o deməkdir ki, Qəzzadakı münaqişə daha da mürəkkəbləşir. Vaxtilə hər şey aydın idi: bir tərəfdə İsrail, o biri tərəfdə HƏMAS. İndi isə ortada "üçüncü güclər" var və ola bilsin ki, bu yeni mərhələdə əsas oyunu məhz onlar müəyyən edəcək.

Yol yoldaşı, amma müttəfiq deyil: Əbu Şabab heç vaxt "fələstinli Karzay" olmayacaq

Təsəvvür etmək ki, Yəsir Əbu Şabab könüllü şəkildə HƏMAS-a təslim olacaq - elə bil, aslanın çaqqalın qarşısında diz çökəcəyinə inanmaq kimidir. Qəzzanın İnqilabi Məhkəməsi nə qədər istəsə də, ona qiyabi məhkəmə ilə hədə qorxu gələ, təslim üçün son tarixlər təyin edə bilər - bu, Əbu Şabab üçün sadəcə səslər toplusudur. Reallıq budur ki, bu gün artıq HƏMAS özü mühasirəyə alınmış vəziyyətdədir - yalnız xaricdən yox, daxilindən də təhdid altındadır.

İsrail ordusu Qəzzaya daha dərin nüfuz edir, xüsusən də Əbu Şababın dəstəsinin aktiv olduğu Rəfəhda. Hər gün hava zərbələrinin intensivliyi artır, humanitar vəziyyət isə artıq ifrat dərəcədə acınacaqlıdır. İsrail, beynəlxalq təzyiqlərə baxmayaraq, geri çəkilmək fikrində deyil. Baş nazir Benyamin Netanyahu HƏMAS-ın təkcə hərbi və siyasi yox, ideoloji olaraq da tamamilə məhv edilməsində israrlıdır.

Bəs sonra nə olacaq? Bu suala hələlik konkret cavab verən yoxdur. İsrail Qəzzanın idarəçiliyi üçün hansı modelin tətbiq olunacağını açıqlamır. İordaniya, Misir və Livana fələstinlilərin kütləvi köçürülməsi ilə bağlı ideyalar hələlik bu ölkələrin qəti etirazı səbəbilə reallaşmayıb. Amma bəllidir ki, Təl-Əviv alternativlər axtarır.

Ən real ssenarilərdən biri - Qəzzanın daxilində, yerli reallıqları bilən, gücə və nüfuza sahib yeni bir "idarəçi strukturun" qurulmasıdır. Formal olaraq - müstəqil. Amma faktiki olaraq - İsrailin səssiz razılığı ilə hərəkət edən. Belə bir quruma silahı, yerli əlaqələri və ən əsası HƏMAS-a qarşı motivasiyası olan adamlar lazımdır. Və burada səhnəyə Əbu Şabab çıxır.

Bir çoxları üçün o, uyğun fiqur kimi görünə bilər: əlində silahlı dəstə var, əraziyə nəzarət edir, HƏMAS-a qarşı amansızdır. Amma əsas məsələ də elə burada başlayır.

Əbu Şababın ətrafında dolaşan risklər son dərəcə yüksəkdir. O, "təmiz vərəq" deyil. Onun adı təkcə silahlı əməliyyatlarla deyil, həm də qarabazar, talan və qaçaqmalçılıqla hallanır. Məlumatlara görə, beynəlxalq təşkilatların qaçqınlar üçün göndərdiyi humanitar yardımın bir hissəsi onun dəstəsi tərəfindən müsadirə olunaraq bazarda satılıb. Hətta öz yaxın qohumları belə onu açıq şəkildə qınayıb, bu əməlləri "bağışlanmaz günah" adlandırıblar.

Bundan da betəri - Əbu Şabab bölgənin müsəlman əhalisinin böyük bir hissəsi üçün artıq "ikiqat xəyanətkar" imicinə sahibdir. Bir tərəfdən - dini dəyərlərə xəyanət, digər tərəfdən - xalqına. Onu İŞİD-lə əlaqədə ittiham edirlər, baxmayaraq ki, birbaşa sübutlar yoxdur. Amma əsas zərbə - İsraillə əməkdaşlığa görə gəlir. Bu, onu bir çox fələstinli üçün təkcə xain yox, düşmənə çevirir.

Əlavə problem isə - ərəb dünyasında geniş yayılan konspirasiya nəzəriyyələridir. Orada İŞİD-i "İsrail kəşfiyyatının yaratdığı layihə" kimi təqdim edənlər kifayət qədərdir. Hətta bəzi radikal çevrələr "ISIS" qısaltmasını "Israel Secret Intelligence Service" kimi yozurlar. Bu mənzərədə Əbu Şababın adı daha da zəhərli səslənir.

Nəticə olaraq, hərbi baxımdan faydalı olsa da, siyasi cəhətdən Əbu Şabab - son dərəcə narahatedici, problemli fiqurdur. İsrailin onu gələcək Qəzza administrasiyasında rəsmi rol üçün seçəcəyi inandırıcı deyil. O, çox ləkələnib. Çox qeyri-sabitdir. Çox "təhkimli" assosiasiyalar doğurur - quldurluq, satqınlıq, iflas.

Əslində, İsrail bu cür səhvləri keçmişdə də edib. 1970-ci illərdə, Fələstin məsələsində əsas güc olan, dünyəvi və solçu ideologiyanı təmsil edən Fələstin Azadlıq Təşkilatı (FAT) ilə mübarizədə Təl-Əviv islamçı "Müsəlman Qardaşları" hərəkatını balanslaşdırıcı qüvvə kimi görürdü. Onlara məscidlər açmağa, xeyriyyə fondları qurmağa, dini təşəbbüslər irəli sürməyə şərait yaradıldı. Çünki milli ideologiya o dövrdə İsrail üçün daha təhlükəli sayılırdı.

Nəticədə, məhz bu xəttin içindən HƏMAS yarandı - yəni indi İsrailin tamamilə məhv etməyə çalışdığı struktur. Daxildən dağıtmaq strategiyası ilə edilən bu siyasi səhv yeni nəsil düşmənin yaranmasına səbəb oldu. Və görünən odur ki, Netanyahu bu dərsi yadında saxlayıb: Əbu Şababın HƏMAS-a çevrilməsinə yol vermək fikrində deyil.

Deməli, bu gün İsraillə Əbu Şabab arasındakı "ittifaq" - əslində, strateji yox, taktiki razılaşmadır. Onları nə ideologiya, nə də ortaq məqsəd birləşdirir. Onların birləşdiyi tək düşmən var - HƏMAS. Bu düşmən yox olduqdan sonra Əbu Şababın da "lazımlılığı" bitəcək.

Ona Qəzzanı etibar etmək olarmı? Xeyr. Onu keçid dövrü üçün istifadə etmək olarmı? Bəlkə. Amma siyasi qərarlar masaya qoyulan an, çox güman, Əbu Şabab kənara atılacaq - ya da sıradan çıxarılacaq.

Belə olur yol yoldaşlarının aqibəti. Xüsusən də o adamların ki, inancını, etiqadını və adını bu qədər asanlıqla və bu qədər açıq şəkildə gücə satırlar.

Bu valyutalar yenidən ucuzlaşdı  RƏSMİ like
  • 15 İyl 09:22  
Digərləri Bu valyutalar yenidən ucuzlaşdı RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
İlham Əsgərova ağır itki like
  • 15 İyl 09:19  
Kriminal İlham Əsgərova ağır itki

Əməkdar mədəniyyət işçisi İlham Əsgərova ağır itki üz verib.

arrow Ətraflı
Bəzi ərazilərdə qaz olmayacaq like
  • 15 İyl 09:14  
Digərləri Bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının Nəsimi və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz

arrow Ətraflı
Azərbaycanda zəlzələ oldu like
  • 15 İyl 09:03  
Digərləri Azərbaycanda zəlzələ oldu

Samux rayonu ərazisində zəlzələ baş verib.

arrow Ətraflı
Yayda avtomobilinizin boyasını belə qoruya bilərsiniz like
  • 15 İyl 06:06  
Digərləri Yayda avtomobilinizin boyasını belə qoruya bilərsiniz

Avtomobilin boya örtüyü yayda günəş, toz və istiliyin təsirindən ciddi

arrow Ətraflı
Ən pis etibarlılıq göstəriciləri olan like
  • 15 İyl 05:05  
Dünya Ən pis etibarlılıq göstəriciləri olan

Hansı təyyarələr faciələrin sayına görə antireytinqə düşüb?

arrow Ətraflı
Bütün zamanların 5 ən ekzotik avtomobili like
  • 15 İyl 04:04  
Digərləri Bütün zamanların 5 ən ekzotik avtomobili

Avtomobil təkcə nəqliyyat vasitəsi deyil, həm də sərhədsiz yaradıcılı

arrow Ətraflı
Uşaqların otağındakı bu əşya görməsinə like
  • 15 İyl 03:03  
Digərləri Uşaqların otağındakı bu əşya görməsinə

Valideynlər çox zaman uşaq otağında rahat atmosfer yaratmaq üçün noçnik

arrow Ətraflı
Qidalarda geniş istifadə olunan boya like
  • 15 İyl 02:02  
Digərləri Qidalarda geniş istifadə olunan boya

Tsyasin Nanhu Universitetinin çinli alimləri sübut ediblər ki, qida sənayes

arrow Ətraflı
Hansı Avropa ölkələrində ən yüksək maaş verilir? like
  • 15 İyl 01:01  
Dünya Hansı Avropa ölkələrində ən yüksək maaş verilir?

2023-cü ildə Avropa İttifaqında tam ştatlı işçiyə düşən orta düzəl

arrow Ətraflı
Sərinkeşin qarşısında yatmaq zərərlidir? like
  • 15 İyl 00:30  
Digərləri Sərinkeşin qarşısında yatmaq zərərlidir?

Sərinkeşin (ventilyatorun) altında yatmaq, xüsusilə isti yay gecələrində

arrow Ətraflı
Günün qoroskopu: Özünüzlə bağlı böyük bir qərar verə bilərsiniz like
  • 15 İyl 00:01  
Digərləri Günün qoroskopu: Özünüzlə bağlı böyük bir qərar verə bilərsiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Müşviq Abbasova ağır itki like
  • 14 İyl 23:45  
Şou-biznes Müşviq Abbasova ağır itki

"Bu şəhərdə"nin ssenaristi Müşviq Abbasova ağır itki üz verib

arrow Ətraflı
Tbilisidə bina uçdu  Ölənlər var like
  • 14 İyl 23:30  
Dünya Tbilisidə bina uçdu Ölənlər var

Gürcüstanın paytaxtı Tbilisinin Vağzal meydanı yaxınlığında yerləşə

arrow Ətraflı
Piyadanı vurdu, xəstəxanaya aparanda yolda özü də öldü like
  • 14 İyl 23:23  
Digərləri Piyadanı vurdu, xəstəxanaya aparanda yolda özü də öldü

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadis

arrow Ətraflı