Bakı sözünü dedi: indi növbə Avropa İttifaqında


Siyasət 05 İyn 2025 12:13:00 98 0

Bakı sözünü dedi: indi növbə Avropa İttifaqında

Avropa üçün etibarlı enerji mənbəyi kimi Azərbaycan qazı yalnız o halda dayanıqlı olacaq ki, bu resursa münasibət strateji tərəfdaşlıq prinsiplərinə əsaslansın. Çünki istər geosiyasətdə, istərsə də energetikada boşluq olmur: əgər bir tərəf məsuliyyəti bölüşməkdən imtina edirsə, onun yerini mütləq başqa biri tutur - amma fərqli şərtlərlə. Avropa tarixi bir seçim qarşısındadır: ya mənasız illüziyalar, ya da uzunmüddətli sabitlik.

Belədirsə, Avropa İttifaqı qaz təchizatçılarına müvəqqəti resurs kimi deyil, strateji müttəfiqlər kimi yanaşmağa hazırdırmı?

Azərbaycan bu suala çoxdan cavab verib - bəyanatlarla yox, boru kəmərləri, investisiyalar və konkret statistik rəqəmlərlə. Cənub Qaz Dəhlizinin istifadəyə verildiyi andan etibarən Bakı Avropanı bir dəfə də olsun çətin durumda qoymayıb. 2022-ci ilin sərt qışında, Avropa enerji fəlakətinin astanasında dayanarkən də, sonrakı illərdə hər kubmetr qaz təkcə enerji yox, siyasi mövcudluq məsələsinə çevriləndə də Azərbaycan sabitlik nümayiş etdirib. Ancaq ən güclü boru kəməri belə birtərəfli rejimdə işləyə bilməz. Bu infrastruktur yalnız texniki təzyiq deyil, qarşılıqlı etimad, öhdəlik və aydın oyun qaydaları tələb edir.

Avropanın enerji siyasətindəki paradoks da məhz buradadır: bir tərəfdən strateji əməkdaşlıqdan danışılır, digər tərəfdən isə spot bazar məntiqi ilə hərəkət edilir. Halbuki təbii qaz birja səhmi deyil - o, uzunmüddətli strategiya düşüncəsi və qarşılıqlı məsuliyyət tələb edir. Azərbaycan qaz ixracını artırmağa hazırdır - əsla problem deyil.

Problem Avropanın özündədir. Avropa İttifaqı nəhayət anlamalıdır ki, enerji təhlükəsizliyi mənasız danışıqlarla və absurd iddialarla yox, sabit razılaşmalarla başlayır.

... Cənub Qaz Dəhlizi bu günə qədər etibarlılığını sübut edib və daha böyük potensiala sahibdir. 2020-ci ilin sonundan etibarən bu dəhliz vasitəsilə Avropaya 47 milyard kubmetrdən çox Azərbaycan qazı nəql olunub, bunun 39 milyardı yalnız İtaliyaya çatdırılıb və bu ölkəni Xəzər qazı üçün əsas qovşağa çevirib.

TAP-ın (Trans-Adriatik Boru Kəməri) icraçı direktoru Luka Skipatti Bakıda keçirilən Enerji Forumunda çıxışı zamanı bildirdi: "Azərbaycan qazı Avropada mənbələrin şaxələndirilməsinə və enerji qiymətlərinin azalmasına mühüm töhfə verib. Biz bu gün artıq 45 Avropa şirkəti ilə əməkdaşlıq edirik. Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş hesab edir".

Skipatti eyni zamanda 2026-cı ilin yanvarından etibarən Şahdəniz yatağından əlavə 1-1,2 milyard kubmetr qaz ixracının planlaşdırıldığını, bu artımın əsas hissəsinin də yenə İtaliyaya yönəldiləcəyini vurğulayıb.

Bu, TAP layihəsinin yüksək səviyyəli texniki dizaynı və istismarı nəticəsində mümkün olub: Albaniyada optik lifli monitorinq, seysmik nəzarət, süni intellekt, dron və peyk nəzarəti sayəsində bu infrastruktur sadəcə müasir deyil, həm də dayanıqlılıq və təhlükəsizlik baxımından nümunə təşkil edir.

Azərbaycan təkcə istəklə yox, konkret geoloji və texniki imkanlarla ixracı artırmağa qadirdir. "Şahdəniz", "Abşeron", "Babək", "Ümid" yataqları mövcuddur, nəqliyyat marşrutları işləkdir, siyasi iradə də var. Amma çatışmayan əsas amil Avropa İttifaqının aydın, uzunmüddətli və etibarlı mövqeyidir. Avropa qazı "keçid resursu" kimi tanıyır və bu, onun dekarbonizasiya planlarında mühüm yer tutur. Lakin bu keçidin baş verməsi üçün bu körpü hər iki tərəfdən möhkəmləndirilməlidir. Hazırda isə risk mənbəyi Bakıdan deyil, Brüsseldən qaynaqlanır.

2022-ci ilin enerji böhranından sonra Aİ maye qaz idxalını artırdı, spot müqavilələrə üstünlük verdi, təchizatçılar siyahısını genişləndirdi. Bu tədbirlər fəlakətin qarşısını aldı, amma strateji baxımdan spot bazara arxalanmaq ruletkada udmağa ümid etmək kimidir.

Azərbaycan isə spot bazarın adamsız alverçisi yox, uzunmüddətli enerji siyasəti aparan, illərlə düşünən tərəfdaşdır. Gələcəkdə qaz tədarükünün artırılması üçün ilk növbədə "Abşeron", "Babək", "Ümid" kimi mürəkkəb yataqlara investisiya lazımdır. Bu isə yalnız kapital deyil, həm də aydınlıq tələb edir: bu qazı 7-10 il sonra kim və hansı şərtlərlə alacaq?

Əgər bu sual açıq qalırsa, hətta zəngin resurslara baxmayaraq, hasilatın artırılması iqtisadi cəhətdən məntiqsiz görünür. Ekspertlərin fikrincə, dərin dəniz layihələrinə sərmayə qoymaq üçün sabit qiymət və müqavilə bazası zəruridir.

Əsas məsələ Avropanın Azərbaycanı necə qəbul etməsidir: tərəfdaş, yoxsa təkcə əlçatan təchizatçı qismində? Spot yanaşma, özünü öhdəliklə bağlamamaq istəyən, lakin daim hazır resurs tələb edən alıcının yanaşmasıdır. Halbuki energetika supermarket deyil - burada uzunmüddətli planlama, infrastruktur dövrləri və geosiyasi məntiq hökm sürür.

Azərbaycan isə maye qaz bazarındakı anonim tədarükçü deyil. Rəsmi Bakı sabit tədarük, siyasi etibarlılıq və logistik təhlükəsizlik təklif edir. Və təbii olaraq, bu yanaşma müqabilində qarşı tərəfdən də iqtisadi məntiqinə hörmət tələb edir.

Avropa şirkətləri etibarlı tərəfdaş kimi elə bir ölkə ilə əməkdaşlıq edir ki, bu ölkə artıq özünün texnoloji və siyasi yetkinliyini sübut edib (bax: TAP nümunəsi), hazır infrastruktur və genişlənmə imkanlarına sahibdir (Cənub Qaz Dəhlizi, TANAP, sıxma güclərinin artırılması potensialı), və - ən əsası - tədarükü poza biləcək xarici təsir və daxili kataklizmlərə qarşı dayanıqlıdır. Lakin əgər Avropa tərəfi bu əməkdaşlıq çərçivəsində heç olmasa orta müddətli müqavilə şərtlərini təsbit etməyə hazır deyilsə, o zaman bütün konstruksiya birtərəfli, qeyri-sabit və Azərbaycanın maraqları baxımından potensial zərərli olur.

İnvestisiya riskləri və siyasi iradə məsələsi burada ön plana çıxır. "Abşeron" (2-ci faza), "Babək" və "Ümid" kimi yataqların işlənməsi qazma, infrastruktur, sıxma qurğuları, təmizləmə və nəql sahəsində yüzmilyonlarla dollar sərmayə tələb edir. Bu layihələrin iqtisadi səmərəliliyi yalnız sabit satış bazarı mövcud olduqda təmin edilə bilər.

Əgər bu bazar gündəlik ehtiyaclar rejimində fəaliyyət göstərmək istəyirsə, həmin sərmayələr mənasızlaşır. Bu baxımdan Aİ anlamalıdır: enerji təhlükəsizliyi pulla ölçülür, həmçinin proqnozlaşdırıla bilənlik də. Etibarlı tərəfdaşlıq isə aylıq ticarətlə qurulmur. Risklərin neytrallaşdırılması üçün uzunmüddətli, sabit və ya indeksləşdirilmiş qiymətlərlə müqavilələr, Avropa institutlarının siyasi və maliyyə dəstəyi, investisiyaların geri qaytarılmasını təmin edən konsorsium iştirakları tələb olunur.

Bu alətlər artıq məlumdur - həm "Nabucco" layihəsində, həm də Yunanıstan və Xorvatiyada LNG terminallarının yaradılmasında tətbiq olunub. İndi Avropa, artıq öz dəyərini sübut etmiş tərəfdaşa qarşı bu alətləri tətbiq etməlidir.

Avropanın enerji xəritəsində mühüm aktora çevrilməkdə olan Serbiya da bu baxımdan ayrıca diqqətə layiqdir. Serbiya Azərbaycanın təbii qazını öz enerji müstəqilliyini gücləndirmək imkanı kimi görür.

Serbiya Energetika Nazirliyinin nümayəndəsi Saşa Kokoviçin deyir: "Ümid edirik ki, Bolqarıstanla sərhəddə yerləşən Kalotina bölgəsindəki yeni interkonnektor vasitəsilə daha çox Azərbaycan qazı ala biləcəyik. Serbiyanın illik ehtiyacları 3 milyard kubmetrdir və biz bunun 400 milyon kubmetrindən çoxunu Azərbaycandan əldə edə bilərik". Bu təşəbbüs artıq Avropa Komissiyasının dəstəyini qazanıb, Serbiyada isə Rumıniya və Şimali Makedoniya qaz nəqli şəbəkələrinə qoşulma məsələsi fəal müzakirə olunur. Beləliklə, Azərbaycanı etibarlı və praqmatik tərəfdaş kimi görən vahid Balkan qaz məkanı formalaşır.

"Abşeron" layihəsinin ikinci fazası isə Azərbaycanın qaz strategiyasında yeni mərhələnin başlanğıcıdır. Bakıdakı energetika forumunda təsdiqləndi ki, SOCAR, TotalEnergies və ADNOC-un birgə iştirak etdiyi "Abşeron" qaz-kondensat yatağının ikinci fazasının işlənməsi üzrə yekun investisiya qərarı (FID) 2025-ci ilə planlaşdırılıb.

İnvestisiya qərarından sonra inşaat və mühəndis işlərinin dərhal başlanması, ilk qazın isə 2028-ci ilin sonu və ya 2029-cu ilin əvvəlində hasil olunması gözlənilir. İlkin qiymətləndirmələrə əsasən, bu faza hər il ən azı 4,5 milyard kubmetr qaz hasilatı təmin edəcək və bu, Azərbaycanın ixrac və enerji potensialına əhəmiyyətli töhfə verəcək.

Əlamətdar məqam odur ki, bu mərhələ "Şahdəniz" yatağında inşa ediləcək müasir sıxma platforması layihəsi ilə eyni dövrə təsadüf edir. Dəyəri təqribən 2,9 milyard ABŞ dolları olan bu platforma ümumilikdə 50 milyard kubmetrədək qaz hasilatına hesablanıb və dövlətin enerji siyasətinə uyğun şəkildə hasilatın genişləndirilməsinin koordinasiyalı strategiyasını nümayiş etdirir.

"Abşeron" layihəsinin birinci fazası 2023-cü ilin iyulunda sənaye hasilatına başlayıb, "Şahdəniz" isə 2006-cı ilin dekabrından istismardadır. Hər iki layihə Azərbaycanın Avropa bazarlarına sabit qaz tədarükündə mühüm rol oynayır - xüsusilə müstəqil və etibarlı enerji mənbələrinə olan tələbatın artdığı bir dövrdə.

Azərbaycan qaz ixracını artırmağa hazırdır, lakin bunun üçün potensial alıcılarla texniki, kommersiya və hüquqi mexanizmlərin uyğunlaşdırılması zəruridir. Əsasən uzunmüddətli müqavilələrin və razılaşdırılmış şərtlərin mövcudluğu vacibdir ki, bütün tərəflər üçün investisiya və geosiyasi risklər azaldılsın.

Qlobal təchizat zəncirinin qeyri-sabitliyi fonunda enerji təhlükəsizliyini təmin etməyə çalışan Avropa üçün Azərbaycanın transavropa qaz infrastrukturunda iştirakı daha da strateji əhəmiyyət kəsb edir. Gözlənilir ki, fəal diplomatiya, beynəlxalq institutların maliyyə dəstəyi və Aİ-nin əsas oyunçularının siyasi iradəsi "Abşeron" layihəsinin ikinci fazası üzrə yekun razılaşmaların sürətlənməsinə səbəb olacaq. Beləliklə, layihə təkcə Azərbaycanın deyil, həm də gələcək onilliyin Avropa enerji memarlığının bir parçasına çevriləcək.

Bu gün Avropa İttifaqının enerji strategiyası tarixi dönüş nöqtəsindən keçir. Bir tərəfdə - "Avropa Yaşıl Razılaşması" və Fit for 55 paketi çərçivəsində birmənalı şəkildə təsbit edilmiş yaşıl keçid ambisiyaları, digər tərəfdə isə - 2022-ci ilin geosiyasi böhranı ilə iflasa uğrayan əvvəlki təchizat sisteminin üzə çıxardığı sərt reallıqlar dayanır.

Avropa karbohidrogen asılılığından qurtulmaq istəyir, lakin hələlik qazdan imtina edə bilmir. Məhz bu paradoksal şəraitdə Azərbaycan təkcə tədarükçü deyil, həm də etibarlılıq və proqnozlaşdırıla bilənlik təklif edən strateji tərəfdaşa çevrilir.

Avropada qaz bu gün ekologiya ilə iqtisadiyyat arasında kompromis rolunu oynayır. Avropa Komissiyası təbii qazı "keçid dövrünün yanacağı" adlandırır: bu resurs kömür və mazutdan imtinanı mümkün edir, eyni zamanda, bərpa olunan enerji və hidrogenin hələ genişmiqyaslı alternativə çevrilmədiyi mərhələdə enerji sisteminin dayanıqlığını qoruyur. Bu baxımdan qaz ekoloji düşmən deyil, əksinə, onun müvəqqəti müttəfiqidir. Amma hətta keçid mənbəyi olan qaz da əlçatan, davamlı və siyasi dəyişkənliklərdən asılı olmayan olmalıdır. Məhz bu yerdə Azərbaycan Avropa üçün xüsusi məna kəsb edir.

Cənub Qaz Dəhlizinin bir hissəsi olan Transadriatik boru kəməri (TAP) 2020-ci ildən etibarən Avropanın yeni enerji arxitekturasının rəmzinə çevrilib.

Məzkur infrastruktur göstərdi ki, Azərbaycan təkcə vəd vermir, həm də tədarük edir. TAP istifadəyə verildiyi ilk üç ildə 27 milyard kubmetrdən çox qaz nəql edib - heç bir fasilə və ya pozuntu olmadan. Bu, gur səslə deyil, konkret rəqəmlərlə danışan bir etibarlılıqdır. TAP şimal marşrutlarından fərqli olaraq, siyasi şantaj və təzyiqlərə məruz qalmır; o, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və Adriatik vasitəsilə keçərək qlobal sarsıntılar dövründə belə dayanıqlılığını sübut edib. Azərbaycanın tədarük sabitliyi yalnız fiziki infrastruktura deyil, həm də Aİ ilə imzalanmış ikitərəfli və çoxtərəfli sazişlər çərçivəsindəki siyasi iradəyə əsaslanır.

Azərbaycan qazı enerji yox, siyasətin özüdür. O, Avropanın şərq qonşusuna olan asılılığını azaltmaq strategiyasına uyğun şəkildə Rusiya qazına real alternativdir.

2022-ci ildən sonra Aİ Rusiya qazının idxalını kəskin azaltdı. Lakin onun yerini nə tutdu? Digər qitələrdən gələn mayeləşdirilmiş qaz tədarükü qeyri-sabit, qiymət baxımından dəyişkən, Şimali Afrikadan gələn marşrutlar isə siyasi risklərlə doludur. Belə şəraitdə Bakıdan gələn qaz "azadlıq molekulları" - ABŞ-ın bu anlayışla adlandırdığı enerji növü - üçün etibarlı mənbəyə çevrildi.

Azərbaycan bu əməkdaşlıqda neytral, praqmatik və sistemli mövqe nümayiş etdirir - bu isə dünyanın bir çox bölgələrində çatışmayan keyfiyyətdir.

Amma Avropada son illərdə qazın spot bazarda qısamüddətli alışına əsaslanan yanaşma güclənib.

Bu, illərlə yox, yalnız aylarla hesablanan müqavilələr deməkdir. Qiymətlərin sabit olduğu dövrdə belə model çevik və effektiv ola bilər. Amma geosiyasi risklərin və qıtlığın artdığı bir dövrdə bu, strateji tələdir.

Çünki uzunmüddətli müqavilələr olmadan istehsalçı yeni yataqlara, platformalara, boru kəmərlərinə sərmayə qoya bilməz. Maliyyə sabitliyi olmadan iri layihələr iqtisadi məntiqə sığmır. Bu, xüsusilə Azərbaycanın "Abşeron" kimi dərin dəniz yataqlarının işlənməsi və "Şahdəniz"in modernizasiyası kimi milyardlarla dollar tələb edən layihələri üçün vacibdir.

Əgər Aİ uzunmüddətli razılaşmalardan yayınaraq spot bazarda ucuz qaz "dalğası"nı tutmağa çalışarsa, enerji sabitliyinin təməlini özü zədələmiş olacaq. Çünki Azərbaycan kimi tərəfdaşlar spekulyantları yox, strateji müttəfiqləri axtarır.

Gələcəyə baxdıqda, Aİ-Azərbaycan enerji tərəfdaşlığı təkcə qaz ticarəti ilə məhdudlaşmaya bilər. Bu əməkdaşlıq bərpa olunan enerji, hidrogen texnologiyaları, innovativ enerji həlləri və emissiyaların azaldılması üzrə birgə layihələrə də genişlənə bilər. Lakin bütün bunların təməlində enerji etimadı dayanmalıdır - dəqiq, qarşılıqlı faydalı və proqnozlaşdırıla bilən şərtlər əsasında formalaşmış bir etimad. Məhz bu etimad spot bazar mexanizmlərində çatışmır.

Cənub Qaz Dəhlizi artıq öz effektivliyini sübut edib. Azərbaycanı Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliya ilə birləşdirən bu marşrut sabit və təhlükəsiz enerji təchizatının real nümunəsinə çevrilib. Həcmlərin artırılması da texniki olaraq mümkündür və bunun üçün Avropa İnvestisiya Bankının və Avropa Komissiyasının dəstəyi kifayət edər ki, TAP boru kəmərinin ötürmə qabiliyyəti illik 10 milyard kubmetrdən 20 milyarda qədər artırılsın; Balkan regionu yeni interkonnektorlar vasitəsilə şəbəkəyə qoşulsun; "Günəşli", "Ümid-Babək" yataqları və Azərbaycanın Xəzər dənizindəki digər perspektivli strukturları istismara cəlb edilsin.

Bu texniki imkanlar artıq mövcuddur. İndi lazım olan əsas məsələ - siyasi siqnaldır.

Azərbaycan yalnız qaz ixrac edən ölkə deyil - o, Avropanın strateji müttəfiqidir. Lakin istənilən tərəfdaşlıq qarşılıqlı etimad tələb edir. Bakı, ixracı artırmaq üçün aşağıdakı əsas prinsipləri gözləyir: şəffaf və uzunmüddətli müqavilələr, Brüsseldən institusional dəstək, eləcə də Avropa biznesinin və maliyyə institutlarının hasilat və nəql layihələrində birbaşa iştirakı. Aİ isə bunun qarşılığında yalnız etibarlı enerji mənbəyi deyil, həm də qeyri-müəyyənlik dövründə qitənin enerji davamlılığını təmin edə biləcək geosiyasi tərəfdaş qazanacaq.

Azərbaycan qazı sadəcə yanacaq deyil. O, siyasi sabitlik, iqtisadi məntiq və enerji yetkinliyidir - Aİ-nin rədd etməyə haqqının olmadığı dəyərlərdir. Azərbaycan qaz satmır, o, Avropaya sabitlik, etibarlılıq və loqistik məntiq təklif edir - əvəzində isə uzunmüddətli, şəffaf və praqmatik siyasət tələb edir. Yaşıl keçid Aİ üçün strateji məqsəd olaraq qalır, lakin bu keçidi bu gün təmin edə biləcək dövlətləri görməməzlikdən gəlmək Avropanın öz strateji sabitliyinə təhlükə yaratmaq deməkdir. Avropa reallığı abstraksiya ilə əvəzləməməlidir - əks halda hər iki cəbhədə məğlub ola bilər.

Azərbaycan nə subsidiyalar istəyir, nə də xüsusi güzəştlər tələb edir. O, Avropaya qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modeli təklif edir - sərmayə və sabitliyin hər iki tərəfdən təmin olunduğu model. Lakin bunun üçün təkcə qaz deyil, həm də Avropa tərəfdaşının siyasi yetkinliyi lazımdır.

Əgər Aİ sabit, təmiz və siyasi baxımdan təhlükəsiz qaz mənbəyi istəyirsə, o zaman artıq ritorikadan əməli addımlara keçməlidir. Əks təqdirdə, suveren və praqmatik aktor kimi Azərbaycan öz uzunmüddətli enerji strategiyalarını Asiya və ya Türkiyə kimi daha strateji düşünən digər istehlakçılar istiqamətində yönəldə bilər.

Qlobal enerji yarışında daha çox pul verən deyil, etibarlı körpüləri öncədən qura bilən qalib gəlir. Azərbaycan artıq öz körpüsünü qurub. İndi növbə Avropanındır.

Elçin Alıoğlu Trend

Bağça uşaqları ən çox nədən xəstələnirlər? like
  • 05 İyn 12:04  
Digərləri Bağça uşaqları ən çox nədən xəstələnirlər?

2024-cü ildə Azərbaycanda fəaliyyət göstərən dövlət bağçalarında 48

arrow Ətraflı
Türk iş adamının Azərbaycandakı 34 milyonluq şirkəti bağlanır like
  • 05 İyn 11:54  
Digərləri Türk iş adamının Azərbaycandakı 34 milyonluq şirkəti bağlanır

Ötən il Azərbaycanda 34 milyon manat nizamnamə kapitalı ilə təsis edilmi�

arrow Ətraflı
Röya keçmiş ərindən çağırış : "Bizi siz BARIŞDIRIN" like
  • 05 İyn 11:45  
Şou-biznes Röya keçmiş ərindən çağırış : "Bizi siz BARIŞDIRIN"

Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov yenidən a�

arrow Ətraflı
Romadan Astanayadək: Meloni niyə Avrasiyanın ürəyinə yeni yol axtarır? like
  • 05 İyn 11:32  
Siyasət Romadan Astanayadək: Meloni niyə Avrasiyanın ürəyinə yeni yol axtarır?

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Cəlilabadda nə baş verir? like
  • 05 İyn 11:21  
Digərləri Cəlilabadda nə baş verir?

Cəlilabad rayonunun Sərhədabad kəndində noxud əkini ilə məşğul olan fe

arrow Ətraflı
Daha bir yapon maşınının istehsalı dayandırıldı  Çinə görə like
  • 05 İyn 11:05  
Digərləri Daha bir yapon maşınının istehsalı dayandırıldı Çinə görə

Yapon avtomobil nəhəngi "Suzuki" "Swift" modelinin istehsa

arrow Ətraflı
Avrora Qrup Qurban Bayramı münasibətilə yardım aksiyası keçirib  FOTO like
  • 05 İyn 10:50  
Digərləri Avrora Qrup Qurban Bayramı münasibətilə yardım aksiyası keçirib FOTO

Qurban bayramı münasibətilə "Avrora Qrup" və "İçərişəh�

arrow Ətraflı
Nəzarət GÜCLƏNDİRİLDİ  3 min polis gizli sərnişin kimi avtobuslarda olacaq like
  • 05 İyn 10:40  
Digərləri Nəzarət GÜCLƏNDİRİLDİ 3 min polis gizli sərnişin kimi avtobuslarda olacaq

Qurban bayramı tətilində şəhərlərarası avtobuslarda 3 min polis gizli s�

arrow Ətraflı
Həkimlərə verilən əlavələr dayandırıldı like
  • 05 İyn 10:29  
Digərləri Həkimlərə verilən əlavələr dayandırıldı

"Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan p

arrow Ətraflı
Rusiya Ukraynadan qisas aldı: Ölənlər və xeyli yaralı var  FOTO like
  • 05 İyn 10:20  
Dünya Rusiya Ukraynadan qisas aldı: Ölənlər və xeyli yaralı var FOTO

Rusiya ordusunun Ukraynanın şimalındakı Priluki şəhərinə etdiyi dron hü

arrow Ətraflı
Sərhədləri aşan texnologiya: Kosmosda görün nə istehsal olunacaq like
  • 05 İyn 10:11  
Digərləri Sərhədləri aşan texnologiya: Kosmosda görün nə istehsal olunacaq

Uelsdə yerləşən "Space Forge" startapı ABŞ-ın hərbi qurumları

arrow Ətraflı
Nail Naiboğlu arıqlayıb tanınmaz hala düşdü  FOTO like
  • 05 İyn 10:00  
Şou-biznes Nail Naiboğlu arıqlayıb tanınmaz hala düşdü FOTO

Tanınmış rejissor Nail Naiboğlu12 kiloqram arıqlayıb.

arrow Ətraflı
Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edəcək like
  • 05 İyn 09:55  
Siyasət Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edəcək

Bu gün Koreya Respublikasında BMT-nin Ətraf mühit proqramı (UNEP) tərəfin

arrow Ətraflı
İqbal Rüstəmova "AZSIĞORTA"da vəzifə verildi like
  • 05 İyn 09:47  
Digərləri İqbal Rüstəmova "AZSIĞORTA"da vəzifə verildi

Səhmdarların Ümumi Yığıncağının qərarı ilə İqbal Nəbi oğlu Rüst�

arrow Ətraflı
Bakının bu ərazisi işıqsız qalacaq like
  • 05 İyn 09:45  
Digərləri Bakının bu ərazisi işıqsız qalacaq

Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində təmir işləri ilə ə

arrow Ətraflı