Polşa prezident seçkiləri: azadlıqla qorxu arasında son duel


Siyasət 20 May 2025 11:20:00 79 0

Polşa prezident seçkiləri: azadlıqla qorxu arasında son duel

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

2025-ci il mayın 18-də Polşada keçirilən prezident seçkilərinin ilk turu qalib müəyyən etmədi. Amma o, ölkənin gələcəyi barədə çox ciddi siqnallar verdi. İkinci tura keçən iki namizəd - liberal düşərgənin siması Rafal Tşaskovski ilə sağ radikal xəttin təmsilçisi Karol Navrotski - Polşanı 1 iyunda tamam fərqli iki yol ayrıcında qərar verməyə vadar edəcək. Amma əsas məsələ adlar deyil. Əsas məsələ - bu seçkilərin fonunda Polşa siyasətinin necə sürətlə, kəskin və dərin şəkildə dəyişməyə başlamasıdır.

Bu kampaniya təkcə bir seçki deyil - bu, sivilizasiya yarılmasının sınağı, gələcək siyasi zəlzələlərin məşqi və təkcə siyasi elitalar üçün deyil, bütövlükdə Polşa cəmiyyəti üçün yetkinlik imtahanıdır. Rəqəmlər, faizlər, rəsmi nəticələr sadəcə buz dağının görünən hissəsidir. Əsl vulkan onun altında, gizli qatlarda püskürür.

Bəli, Tşaskovski və Navrotski ikinci tura keçdi. Amma onlar ora necə çatdı? Kimin dəstəyilə, hansı ritorika ilə, hansı gərginliklə? Əsl süjet də elə burdan başlayır.

Polşa siyası yelləncəyi: "Solidarnost"dan "Konfederasiya"ya

Seçkiyə qatılan 13 namizəddən heç biri 50 faiz səs qazana bilmədi. Bu faktın özü Polşa cəmiyyətinin necə parçalanmış, yorğun və köhnə siyasi şablonlardan bezmiş olduğunu açıq göstərir. Rəqəmlərə baxaq: Tşaskovski - 31,2%, Navrotski - 29,7%, ultra-sağçı Slavomir Mentzen - 14,8%. Deməli, polşalı seçicilərin az qala yarısı sağ və ifrat sağ namizədlərə səs verib. Bu artıq tendensiyadır, təsadüf yox.

Seçici fəallığı da olduqca yüksək olub - 66,8%. Bu da göstərir ki, insanlar başa düşür: bu seçki adi dövlət başçısının dəyişməsi deyil. Bu, Polşanın gələcəyinin, onun hansı kursla gedəcəyinin, Avropa ilə münasibətinin, Ukrayna ilə ittifaqının və daxili sabitliyinin taleyidir.

Tşaskovski və Navrotski - bir-birinə qarşı təhlükəli iki qütb

Varşava meri Rafal Tşaskovski - Polşanın avropalaşmış, liberal qanadının əsas simalarından biridir. O, hazırkı hakim koalisiyanın - və daha doğrusu, Donald Tuskun layihəsidir. Onun 31,2%-lik nəticəsi möhtəşəm deyil, amma sabit, sadiq elektoratın olduğunu göstərir: şəhər elitası, avropaya bağlı ziyalılar, "Vətəndaş Platforması"nın köhnə qvardiyası.

Karol Navrotski isə tamam başqa dünyadan gəlir. Milli yaddaş institutunun keçmiş rəhbəri, "Hüquq və Ədalət" partiyasının sağ-konservativ qanadının nümayəndəsi. O, sağ qüvvələrin 2023-cü il parlament məğlubiyyətindən sonra revanş cəhdinin əsas fiqurudur. Sərt ritorika, qaçqınlara qarşı hücumlar, "ənənəvi dəyərlər"in müdafiəsi, Trampa açıq simpatiya - onun kampaniyasının başlıca sütunlarıdır.

İki namizəd arasında fərq hazırda cəmi 1,5%-dir. Və bu durumda seçkinin taleyini "üçüncü güc" - Slavomir Mentzenin elektoratı müəyyən edə bilər.

Polşa versiyasında "üçüncü yol": Slavomir Mentzen sindromu

Bir neçə il əvvəl "Konfederasiya" partiyası marjinal sağçı hərəkat kimi görünürdü. Amma indi Slavomir Mentzenin 14,8% səsi vəziyyəti dəyişdi. Onun təmsil etdiyi xətt - anti-miqrant, anti-avropa, ultra-libertarian - Polşada gənclər və kiçik sahibkarlar arasında getdikcə daha çox tərəfdar qazanır. Xüsusilə də "köhnə" hökumətə və "köhnə" müxalifətə eyni dərəcədə ümidini itirmiş təbəqələrdə.

Mentzenin 4 milyon seçicisi indi ikinci turun "qızıl açarı"dır. Onlar hara yönələcəksə, Polşanın taleyi də oraya yön alacaq.

Navrotskinin Mentzenin dəstəyini qazanmaq istədiyi artıq gizli məsələ deyil. Amma hansı qiymətə? Ultra-sağçılar hökumətdə postlar, siyasətə təsir imkanı və ən başlıcası - miqrasiya siyasətinin sərtləşdirilməsinə zəmanət istəyəcəklər.

Bu seçkilər təkcə Polşadan getmir

Baş nazir Donald Tusk son çıxışında açıq dedi: "Bu iki həftə vətənimizin taleyini həll edəcək". Və bu, sadəcə ritorika deyil. 2025-ci ilin Polşasında "vətən" anlayışı artıq yalnız sərhədlərlə ölçülmür. Bu seçki nəticəsi Brüsselə sadiq qalacaq bir müttəfiqin qalması və ya növbəti avroskeptik ocağın yaranması ilə nəticələnə bilər.

Polşa - Şərqi Avropanın ən böyük dövləti, NATO-nun dayaqlarından biri və Ukraynanın əsas müttəfiqidir. Navrotskinin qələbəsi - ki, o artıq ukraynalı qaçqınları "Polşa büdcəsini istismar etməkdə" ittiham edir - Kiyevə hərbi dəstəyə, ABŞ qoşunlarının yerləşdirilməsinə, hətta sanksiyalar siyasətinə də yenidən baxılmasına səbəb ola bilər.

Navrotskinin qərargahında Trampa rəğbət gizlədilmir. ABŞ prezidenti Trampın Avropa ilə münasibətləri yenidən formatlaşdırmaq cəhdlərini nəzərə alsaq, Polşa bu fonda Avropa İttifaqının içindən parçalanmasına xidmət edən "troya atı"na çevrilə bilər.

1 iyundan sonra nə olacaq: üç ssenari

Ssenari 1: Tşaskovskinin qələbəsi. Bu halda Donald Tuskun hökuməti islahat kursuna davam edə bilər. Ədalət sistemində Avropa standartlarına uyğun dəyişikliklər, Ukrayna ilə sıx əməkdaşlıq və Aİ-nin gələcəyində daha fəal rol Polşanı gözləyir. Varşava yenidən Brüssel-Vaşinqton xəttinin dayaq nöqtəsinə çevriləcək. Amma bu nəticə eyni zamanda sağçıların radikallaşmasına, etirazlara və siyasi sabotaja yol aça bilər.

Ssenari 2: Navrotskinin qələbəsi. Bu artıq hökumətlə prezident arasında açıq qarşıdurmaya gətirib çıxara bilər. Navrotski Tuskun planlaşdırdığı islahatların qarşısını alacaq, qanunverici təşəbbüsləri bloklayacaq. Əgər siyasi münaqişə dərinləşsə, ölkə Konstitusiya böhranına da girə bilər. O halda Navrotski yeni parlament seçkilərinin keçirilməsini tələb edəcək - sağ düşərgənin reytinqi qalxdığı üçün "Hüquq və Ədalət" partiyasının yenidən hakimiyyətə qayıdışı planlaşdırılır.

Ssenari 3: Navrotski və "Konfederasiya" ittifaqı. Ən riskli variant da budur. Sağçılarla ultra-sağçılar arasında siyasi anlaşma Polşanın həm daxili, həm xarici siyasətində ciddi dönüş yaradacaq. Azlıqların hüquqları məhdudlaşdırılacaq, islahatlar dayandırılacaq, Brüsselə qarşı açıq münaqişə və Ukrayna ilə münasibətlərin dondurulması ehtimalı artacaq. Bu halda Polşa Avropanın "şərq qalası" statusunu itirib, daxilə qapanmış, qorxu siyasəti ilə idarə olunan bir dövlətə çevrilə bilər.

Uğur və uğursuzluqların rəmzləri: Polşada prezidentlik finalına aparan yol

Varşava meri, şəhərli liberal Polşanın "qabaq üzü" və siyasət arenasında karizmatik bir sima olan Rafal Tşaskovski bu seçkiyə böyük ambisiya ilə girmişdi. Onun seçki qərargahı ilk turu əzici üstünlük və sağ düşərgəyə qarşı bir növ güc nümayişi kimi planlaşdırmışdı. Amma nəticə gözləntiləri doğrultmadı. 30 faizlik həddi keçmək çətin oldu, əsas rəqib - mühafizəkar Karol Navrotski ilə fərq cəmi 1,5 faiz təşkil etdi. Bu, məğlubiyyət deyil, amma acı və rəmzi bir sillədir. Xüsusən də Rumıniyada baş verənlərlə müqayisədə - orada oxşar liberal fiqur olan Nikuşor Dan ikinci turda populist Simiyondan düz 20 faiz geri alaraq zəfər qazanmışdı.

Navrotskinin hekayəsi isə tamam fərqlidir. Onun nəticələri proqnozları üstələdi. Xüsusən kənd yerlərindəki dəstəyi - hər zamankı kimi - sorğuçuların nəzərindən yayındı. O, "səssiz çoxluğun" namizədidir - səs salmayan, amma seçkidə sözünü deyən mühafizəkarların. Onun dayağı - kəndli, yaşlı, ənənəyə bağlı elektorat - bu seçkidə həlledici ola bilər.

Finalın psixologiyası: iki səs tonu, iki ritm

Birinci turun nəticələri açıqlandıqdan sonra finalçıların danışıq tərzi dərhal bir-birindən fərqləndi. Tşaskovski soyuqqanlı, özünəinamlı tonda danışdı - elə bil siyasi simfoniyasını davam etdirirdi: "Öndəyik - indi sadəcə ritmi saxlamalıyıq". Navrotski isə səhnəyə birbaşa hücumla çıxdı: ittihamlar, çağırışlar, emosional ritorika. Onun kampaniyası artıq açıq konflikt üzərində qurulub və o, seçicilərin əsəbləri ilə oynamağa tam hazırdır. Debat çağırışı, saxtakarlıq iddiaları, aqressiv ton - bu, emosional partlayış deyil, düşünülmüş taktika: öz nüvəsini səfərbər edib, tərəddüd edənləri mübarizəyə çəkmək.

O, baxışlarını sağa tuşlayır - orada Qjeqoj Braun və Slavomir Mentzen dayanır.

Sağ cinah: etikadan kənarda, amma siyasətin içində

Ən çox narahatlıq doğuran məqam da burdadır. Polşada sağ cinah artıq kölgədən çıxıb. Onların birgə səsi - 20 faizdən çox. Bu, sadəcə avroskeptisizm deyil. Bu, daxilində ksenofobiya, antiukrayna ritorikası, dini fanatizm və yad olan hər şeyə qarşı nifrət püskürən vulkandır. Mentzen - texnokratik millətçi. Braun - qanun sərhədində balanslaşdıran ekstremist.

Amma maraqlıdır ki, Braun artıq ictimai-siyasi mərkəzə inteqrasiya olunub. O, Aİ bayrağını yandırır, "vətəndaş həbsləri" təşkil edir, lakin artıq marjinal deyil - 5-6 faiz səslə parlament səviyyəsində oyuncuya çevrilib. Polşa elə bir dövrə qədəm qoyur ki, bu cür personajlar sadəcə xəbərlərdə yox, siyasi gündəmin formalaşdırıcılarına çevrilirlər.

İkinci dalğa: kim kimi üstələyəcək?

İndi həlledici mərhələ başlayır - ikinci tur. Və burda artıq heç bir zəmanət yoxdur. Ekzitpollar Tşaskovskinin zəif üstünlüyünü göstərsə də, bu üstünlük elə bil yaz buzu kimidir - əriməyə həssas.

Birinci növbədə, sağçı namizədlər birlikdə 50 faizdən çox səs toplayıblar. Kağız üzərində bu, Navrotski üçün əla rezervuar deməkdir. Amma reallıq fərqlidir. Mentzen və Braunun tərəfdarları yaxşı xatırlayır ki, "Hüquq və Ədalət" partiyası onların ideyalarına daim xor baxıb, təşəbbüslərini boğub, pandemiya dövründə məhdudiyyətlər tətbiq edib, Brüsselə güzəştlər edib. Onlar sistem daxilindən olan bir sağçıya səs verməkdənsə, seçkiyə qatılmamağı üstün tutacaqlar.

İkinci mühüm faktor - yaş fərqidir. Yaşlı nəsil birinci turda tam fəallıq göstərmədi. Bu, Navrotski üçün şansdır - əgər o, onların "liberal sınaqlarsız" keçmiş Polşasını xatırladıb, nostalji ilə oyada bilsə.

Amma Tşaskovski də əliboş deyil. Onun böyük ehtiyatı - gənclərdir. 29 yaşa qədər olan polşalılar nə onu, nə Navrotskini dəstəkləyir. Onların sevimliləri - ideoloji baxımdan bir-birinə zidd olan Mentzen və solçu Zandberqdir. Amma onların ortaq cəhəti - köhnə siyasi oyunlardan iyrənmələridir. Tşaskovskinin əsas vəzifəsi - bu narazılığı dialoqa çevirmək, etiraz enerjisini konstruktiv dəstəyə yönəltməkdir.

Həqiqət anı: finiş xəttində kim qalib gələcək?

İkinci tura cəmi iki həftədən də az vaxt qalıb. Və burada hər detal - debatdakı bir cümlə, küçə yürüşündə bir plakat, gözlənilməz bir qalmaqal seçkinin taleyini dəyişə bilər.

Artıq iki iri miqyaslı mitinq planlaşdırılıb: Tşaskovskinin "Vətənpərvərlər yürüşü" və Navrotskinin rəhbərliyi ilə "Polşa uğrunda yürüş". Varşava küçələri bu dəfə təkcə nümayişlərin yox, ideoloji qarşıdurmaların, simvolik dünyaların toqquşduğu səhnəyə çevriləcək.

Debatlar? Çox güman ki, bu seçkinin taleyini dəyişmək üçün son şans da elə bu olacaq. Ekspertlər hesab edir ki, Tşaskovski ritorika baxımından daha incədir. Amma bu sahədə də zəmanət yoxdur - əsəb gərginliyi, emosional fon, sürprizlər soyuqqanlı intellektdən üstün çıxa bilər.

Səhnəyə yeni fiqur çıxır: Macek Matsiak və sistemə yönəlmiş qəribə sual

Tşaskovski və Navrotski arasında gedən duelin kölgəsində, debatların səs-küyü fonunda, "Polşa uğrunda" yürüşlərin hay-küyləri içində bir nəfər gözlənilmədən gündəmə gəldi. Cəmi bir ay öncə onun adını yalnız Telegram kanallarında oxumaq olardı. Macek Matsiak - "Rifah və Sülh Hərəkatı"nın lideri - Polşa siyasətinin klassik coğrafiyasına sığmayan, qeyri-adi bir simadır. Onun səhnəyə çıxışı nə təsadüf, nə də kuriozdur. Bu, sistemə ünvanlanmış açıq çağırışdır.

O, cəmi 0,4 faiz səs topladı. Amma Matsiakın siyasi çəkisi səs sayıyla yox, ortaya qoyduğu suallarla ölçülür. Və bu sualların cavabını Polşa dövləti təkcə xalqına yox, həm də beynəlxalq tərəfdaşlarına verməli olacaq. Çünki onun mesajı - mövcud siyasi strukturun yetərsizliyi barədə bir SOS siqnalıdır. Bəzən belə səsi eşitməmək - gələcək fəlakətlərin astanasına səbəb ola bilər.

Siyasi parodiya, yoxsa kəşfiyyat atəşi? Matsiakın "0,4 faizlik" şok effekti

Macek Matsiak - 1991-ci ildən bəri Polşada açıq şəkildə Moskvanı dəstəkləyən ilk siyasi fiqurdur. O, mövqeyini gizlətmir, ritorikasını maskalamır, "Rusiya təbliğatı"nı tam orijinal formada, heç bir filtrlə örtmədən səsləndirir: guya Ukrayna müharibəni uduzur, guya Qərb Polşanı yad savaşlara cəlb edib və guya yeganə çıxış yolu - Kremlə dialoqdur. Bu ritorikanın fonunda Matsiak qəsdən seçilən şəxsi jestləri ilə fərqliliyini bir az da qabardır: "Minsk" siqaretləri, Lukaşenkoya heyranlıq, "kişi liderlər" haqda açıq danışıq və 24 saat ərzində müharibəni bitirib Jeşuvdakı NATO bazasını bağlamaq vədi...

Gülməli görünür? Ola bilər. Amma təhlükəsiz deyil. "INFO OPS Polska" fondunun eksperti və hökumətin təhlükəsizlik mərkəzində çalışan Kamill Basayın fikrincə, Matsiakın ortaya çıxması əslində Rusiyanın Polşa əks-kəşfiyyat sisteminə sızma imkanlarını test etməsidir. Yəni bu - siyasi sistemə düşmən bir aktoru prosedura uyğun şəkildə daxil etmə cəhdidir: rəsmi qaydalara əməl edən, amma ideoloji olaraq başqa bir layihəyə - Kreml planına - xidmət edən bir şəxs. Bu test uğurla keçdi: 100 min imza toplandı, seçki bülleteninə düşdü, efirə çıxdı, müsahibələr verdi, dövlətin mühafizəsi ilə təmin olundu. Polşa dövləti onu buraxdı.

Seçkilər - zəif nöqtəyə çevriləndə

Matsiakın hekayəsi - həm dərsdir, həm də xəbərdarlıq. O, Polşanın seçki arxitekturasında çox kritik bir çat açdı. İndiyədək hesab olunurdu ki, 100 min imza şərti yad elementlərin qarşısını almaq üçün "təbii süzgəc"dir. Amma Matsiak göstərdi ki, bu süzgəc istənilən vaxt by-pass edilə bilər. İmzalar haradan gəldi? Kim koordinasiya etdi? Doğrulama necə aparıldı? Heç bir cavab yoxdur. Bu isə o deməkdir ki, sistemdə arxa qapı mövcuddur.

Təhlükə burada ikitərəflidir. Birincisi - açıq şəkildə rusiyayönlü olan bir namizədin seçkiyə buraxılması faktı, istər marjinal səviyyədə də olsa. İkincisi - resursu və texnoloji imkanı olan istənilən şəxsin, milliyyətindən asılı olmayaraq, "demokratik prosedur" pərdəsi altında ölkənin siyasi səhnəsinə çıxış əldə etməsi ehtimalı. Əgər Matsiak bu mənada sadəcə bir "kəşfiyyat atəşi"dirsə, növbəti namizəd - daha peşəkar, daha cazibədar və daha kamuflyajlı - daha təhlükəli ola bilər.

Tək qalan siyasətçi və boş qalan sandıq

Amma fakt budur ki, rəqəmlər yalan danışmır. Matsiak - seçicilərin yalnız 0,4 faizini cəlb edə bildi. Onun "Rusiya ilə əməkdaşlıq" ideyası Polşada - Katın, Varşava üsyanı, Molotov-Ribbentrop paktı və Yaruzelski xatirəsi ilə formalaşan tarixi yaddaşı olan bir ölkədə - sosial rezonans doğura bilmədi.

Birinci tur göstərdi ki, bəli, Polşa cəmiyyəti parçalanıb: sağçılar, solçular, kəndlilər, şəhərlilər, gənclər, təqaüdçülər... Amma bu xalqın bir fundamental refleksi var: Moskvanı siyasi model kimi qəbul etməmək. Matsiakın təkcə seçki gələcəyi yox, ümumiyyətlə, siyasi sistemdə açılacaq heç bir qapısı yoxdur.

Amma bu onu əhəmiyyətsiz etmir

Çünki Matsiak - siyasət deyil, simptomdur. O, bir mesajdır. Rusiyanın artıq təkcə şərq cəbhəsində yox, Avropanın arxasında da işləməyə başladığının əlamətidir. Kreml artıq demokratik prosedurları zəif nöqtə kimi, söz azadlığını pərdə kimi, qanunları isə sızma aləti kimi görür və istifadə edir. Bu baxımdan 0,4% - məğlubiyyət deyil. Bu - bir markerdir: Polşa sistemi işləyirmi, yoxsa yox? Bu - xəbərdarlıqdır: qaydaları dəyişməyin vaxtı çatıb. Hələ ki, qarşımızda Matsiak var. Sabah onun yerində maskalı bir peşəkar olacaq.

Elə buna görə də artıq siyasi dairələrdə seçki qanunvericiliyinin dəyişdirilməsi çağırışları səslənir. Söhbət senzura və ya repressiyadan getmir. Söhbət - demokratik mexanizmlərin texnoloji sızmalardan qorunmasından, imza prosesinin şəffaflaşdırılmasından və sistemin özünü müdafiə etməsindən gedir. Polşa özünü kənar ssenarilər üçün təcrübə meydanına çevrilməyə icazə verə bilməz.

Ritorik final və qorxulu sual

Matsiak uduzdu - amma getmədi. O, Polşa seçki tarixində yeni bir fəslin müəllifinə çevrildi. O göstərdi ki, 2020-ci illərdə siyasi diversiya necə ola bilər: nə tankla, nə casusla, nə də manifestlə. Sadəcə 100 min imza, bir siqaret, bir kamera və efirdə "Putin kişi kimi kişidir" tipli müsahibə - vəssalam.

Və indi əsas sual - "Matsiakla nə etməli?" deyil. Əsas sual - biz bu reallıqla nə etməliyik?

Polşa tarixi bir seçimə doğru gedir. Bu ölkə indi elə nöqtədə dayanıb ki, buradakı hər səhv faizlə ölçülür, hər faiz isə tarixə çevrilə bilər. Tşaskovskinin qələbəsi - "köhnə Avropanın", liberal layihənin, şəhərli Polşanın və inteqrasiya prosesinin qələbəsi olacaq. Navrotskinin qələbəsi isə - torpağın instinkti, nostalji, bağlanma ehtiyacı, qoruma və xariciləri istisna edən siyasətin yüksəlişidir.

Heç bir nəticə bu mübarizəyə nöqtə qoymayacaq. Sadəcə qərar verəcək ki, bu siyasi tsikli kim aparacaq. Amma həmin dövrün özü necə olacaq - hələ də detallarda gizlənmiş şeytan müəyyən edir.

"Polşa qəhvəyi rəngə boyanır", - yazırdı "Gazeta Wyborcza"nın publisisti Marta Novak. Bu, bəlkə də şişirtmədir. Amma sağ-radikal elektoratın artması - şübhəsiz faktdır. Və bu fakt - çox ciddi siqnaldır.

İkinci tur - sadəcə Tşaskovski ilə Navrotski arasında seçim deyil. Bu - referendumdur. Polşa necə bir ölkə olacaq: açıq, tolerant və Avropa ilə həmrəy, yoxsa qapalı, qərəzli və yalnız özü-özünə kifayət edən?

2025-ci il iyunun 1-də Polşa sadəcə prezident seçməyəcək. O, XXI əsrin üzünə baxacaq - ya da ondan üz çevirəcək.

Polşa bu seçkilərlə təkcə lider seçmir. O, həm də gələcək siyasi modelini, beynəlxalq rolunu və cəmiyyətin özünüidarə bacarığını müəyyən edir. Tşaskovski Avropa ilə harmoniyanı, Navrotski isə milli qapanmanı və ideoloji sərtliyi təklif edir. Və qərar indi polşalılara qalır.

Amma bu qərarın dalğası təkcə Vistulanın sahilində dayanmayacaq. O, həm də Brüsseli silkələyəcək, Berlinə siqnal göndərəcək, Vaşinqtonun yeni planlarına düzəliş gətirəcək və Kiyevin taleyini dəyişə bilər.

Polşa 1 iyunda təkcə prezidentini deyil, həm də gələcək taleyini seçəcək. Və bu seçim bütün Avropa üçün sınaq olacaq.

Türkiyə bələdiyyəsində ƏMƏLİYYAT  22 vəzifəli şəxs həbs edildi like
  • 20 May 11:15  
Digərləri Türkiyə bələdiyyəsində ƏMƏLİYYAT 22 vəzifəli şəxs həbs edildi

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan istintaq ç

arrow Ətraflı
Erməni mayor ÖLDÜRÜLDÜ like
  • 20 May 11:05  
Dünya Erməni mayor ÖLDÜRÜLDÜ

Rusiya ordusuna növbəti zərbə endirilib.

arrow Ətraflı
Monitorinqlərdə nə baş verib?  Məktəb direktorları işdən azad edildi like
  • 20 May 10:57  
Digərləri Monitorinqlərdə nə baş verib? Məktəb direktorları işdən azad edildi

May ayında aparılan monitorinqlər nəticəsində Bakı şəhərindəki Məkt�

arrow Ətraflı
Bu həftə 5 BÜRC üçün ən gözəl həftə olacaq like
  • 20 May 10:47  
Digərləri Bu həftə 5 BÜRC üçün ən gözəl həftə olacaq

Astroloji ulduzlar bu həftə bəzi bürclərin yolunu işıqlandırır. Həm ş

arrow Ətraflı
Tanınmış jurnalist vəfat etdi like
  • 20 May 10:32  
Digərləri Tanınmış jurnalist vəfat etdi

Tanınmış şair və jurnalist Mənsur Ələkbərov vəfat edib.

arrow Ətraflı
Kukla teatrında kuklalar sərgisi like
  • 20 May 10:22  
Kriminal Kukla teatrında kuklalar sərgisi

Mayın 19-da Azərbaycan Dövlət Kukla Teatrında "Meksika kuklaları"

arrow Ətraflı
Pensiyalarla bağlı VACİB XƏBƏR – Mərhələli olaraq… like
  • 20 May 10:15  
Digərləri Pensiyalarla bağlı VACİB XƏBƏR – Mərhələli olaraq…

Son illərdə ölkədə gənclər arasında pensiya sisteminə inam getdikcə az

arrow Ətraflı
Bakıda qadın avtobusda DƏHŞƏT SAÇDI: əlində bıçaqla... like
  • 20 May 10:08  
Digərləri Bakıda qadın avtobusda DƏHŞƏT SAÇDI: əlində bıçaqla...

Bakıda ictimai nəqliyyatda təhlükəli hadisə qeydə alınıb.

arrow Ətraflı
Saat 10:00da bu ərazilərdə qaz kəsiləcək like
  • 20 May 09:53  
Digərləri Saat 10:00da bu ərazilərdə qaz kəsiləcək

Bakının Sabunçu və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində apar

arrow Ətraflı
Mirkamil əməliyyat olundu like
  • 20 May 09:49  
Şou-biznes Mirkamil əməliyyat olundu

Uzun zamandır ürəyində problem olan gənc müğənni Mirkamil Kamilov bu gü

arrow Ətraflı
Türkiyədə fabrikdə güclü yanğın  Partlayış səsləri eşidildi  FOTO like
  • 20 May 09:46  
Digərləri Türkiyədə fabrikdə güclü yanğın Partlayış səsləri eşidildi FOTO

Mersinin Toroslar rayonunda yerləşən audio və video sistemləri istehsal ed�

arrow Ətraflı
Bakıda terror hücumu hazırlayarkən şəxs hakim qarşısında like
  • 20 May 09:39  
Digərləri Bakıda terror hücumu hazırlayarkən şəxs hakim qarşısında

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin cinayə

arrow Ətraflı
Prezident GlobE Network VI Plenar iclasının iştirakçılarına müraciət edib like
  • 20 May 09:22  
Siyasət Prezident GlobE Network VI Plenar iclasının iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-m

arrow Ətraflı
Bu günün valyuta məzənnələri like
  • 20 May 09:20  
Digərləri Bu günün valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı