Hacılının antimilli fəaliyyət strategiyası: Müxalifətin çirkin siyasi xətti kompleks və sistemli araşdırmanı zəruri edir
Siyasət 11 Dek 2025 16:50:00 90 0
Əli Kərimli ilə bağlı baş verən proseslər bütövlükdə müxalifətin radikal qanadının fəaliyyətinin hərtərəfli təftiş olunmasını zərurətə çevirib. Ənənəvi müxalifətin siyasi fəaliyyətinin kökündə Azərbaycan dövlətinə, dövlətçiliyinə zidd əməllər dayandığı hər gün yeni inkarolunmaz faktlarla sübuta yetirilməkdədir. Bu qrupun illərdir, real siyasi müxalifət maskası ilə dövlətə xəyanət, xarici qüvvələrlə işbirliyi ilə yanaşı, maliyyə maxinasiyaları kimi ciddi cinayət hesab olunan əməllərə yol verməsi zaman keçdikcə gün işığına çıxır. Uzun illərdir müxalifətin milli təhlükəsizliyə təhdid olan, xaricdən yönəldilən təsir mexanizmlərinin genişlənməsinə şərait yaradan, ictimai rəyin manipulyasiyasına xidmət göstərən, milli kimlik və dövlətçilik anlayışının hədəfə alınmasına səbəb verən fəaliyyəti kompleks və sistemli yanaşmanı vacib edir.
Bu xəbəri də oxu: Paşinyan Azərbaycanın qərarını alqışladı
Məsələ yalnız Kərimlinin dövlətə xəyanət yolu tutan Ramiz Mehdiyevlə işbirliyi içərisində olması ilə məhdudlaşmamalıdır. Bütövlükdə AXC-Müsavat cütlüyünün keçmişi və bugünkü varislərinin fəaliyyəti ciddi şəkildə təftiş olunmalıdır. Müsavat Partiyasının da ayrı-ayrı simalarının AXCP ilə eyni cəbhədə duraraq antimilli fəaliyyət göstərməsi danılmaz faktdır. Məsələn, Müsavatın keçmiş sədri, indi isə partiya məclisinin sədri Arif Hacılı ölkədaxili siyasi mübarizəni şəxsi ambisiyalar müstəvisinə daşımaq, ictimai fikri təhrif edən çağırışlarla çıxış etmək, anti-Azərbaycan ritorikası, dövlət institutlarını hədəf alan manipulyativ iddialar və sosial gərginlik yaratmağa hesablanmış bəyanatları ilə Kərimlidən heç də geri qalmayıb. Əksinə bu fəaliyyət onları birləşdirən əsas amil olub. Müxalifətçilik missiyası altında dövlətçiliyə zidd fəaliyyət göstərənlər, çirkin maliyyə maxinasiyaları ilə məşğul olanların başında Arif Hacılının yer almasını görmək üçün onun siyasi fəaliyyətinə nəzər salmaq yetərlidir.
Özünü radikal müxalifət liderlərindən biri kimi təqdim edən bu siyasi fiqurun fəaliyyəti ciddi narahatlıq doğuran və cinayət tərkibli əməllərlə zəngindir. Hacılının siyasi fəaliyyətində ölkənin milli maraqlarına zidd fəaliyyət qırmızı xətlə keçir. Ölkə daxilində qarşıdurma yaratmaq, milli həmrəyliyə zərbə vurmaq, ictimai etimadı sarsıtmaq, cəmiyyətdə parçalanma yaratmaq kimi təhlükəli nəticələrə yol açan fəaliyyət Hacılı üçün həmişə prioritet olub. 1993-cü ildə yaşanan xaos fonunda 8 ölkənin razılığı ilə hakimiyyət çevrilişi edib iqtidara gəldiklərini və hakimiyyəti tərk etməyəcəklərini fəxrlə deyən Hacılı sonrakı dönəmlərdə də xarici qüvvələrlə işbirliyində olub. Onun xarici fondlardan maliyyə alınması prosesində bilavasitə iştirakı ilə bağlı deyilənlər heç də əbəs deyil və ciddi araşdırma tələb edən məsələdir. Öz partiyadaşlarının etiraflarına görə xaricdə yaşayan azərbaycanlılar vasitəsilə, o cümlədən Almaniyada yaşayan müsavatçılardan faydalanaraq onların xətti ilə Gürcüstan üzərindən bu fondlarla əlaqəyə girib. Hacılının xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığına dair də ciddi şübhələr var. Bu işdə xarici fondlardan birinin rəhbəri olmuş bir xanım vasitəçilik edib və Hacılı Avropa xarici xüsusi xidmət orqanları ilə "bazarlama" istiqamətində də fəaliyyət göstərib. Bu radikal fiqurdan xarici fondlarla intensiv əlaqələri, həmin dairələrdən maliyyə dəstəyi alması müqabilində istənilən isə o olub ki, ölkədaxili sabitliyi pozmaqda, antimilli ritorikanı gücləndirməkdə, hakimiyyəti zorla ələ keçirmək məsələsində daha fəal olsun. Qaragüruhçuluğu, qarışıqlıq yaratmaq istedadı, digər antimilli keyfiyyətləri ilə Hacılı müxalifətin əsas və ən radikal siması olmağı bacarıb.
Hacılı ilə Əli Kərimlini birləşdirən məhz bu keyfiyyətlər olub. O, Kərimli ilə yaxın münasibətlər qurub. Həm partiya funksioneri olanda, həm başqanlıq fəaliyyəti dövründə Hacılı Kərimli ilə dəfələrlə qaranlıq görüşlər keçirib. Hacılıya mane ola biləcək keçmiş müsavatçılar haqqında Kərimlinin troll qrupları vasitəsilə aşağılayıcı statuslar yazmaq da bu razılaşmanın detalları sırasında yer alıb.
Hacılının çirkin siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri də "mühacir alveri"dir. Məhz bu kontekstdə bilinən və bilinməyən faktlar bu şəxsin və ətrafının əsl mahiyyətini təsəvvür etməyə imkan verməklə yanaşı, məsələnin ətraflı araşdırılmasını önə çəkir. "Mühacir alveri"nə yeni rəng qatan, bu alveri özünəməxsus şəkildə inkişaf etdirən Hacılının Azərbaycandan xaricə getmək, həyatını dəyişmək istəyən və Müsavata heç bir aidiyyəti olmayan şəxslərə bunun qarşılığında vizaların həllində pul müqabilində yardımçı olmaqla bağlı kifayət qədər dəlillər var. Mexanizm isə belə işləyib; partiyaya dəxli olmayan, əvəzində pulu olan şəxslərin fotoları partiya rəhbərliyi ilə çəkilib; bu fotoların özünün ayrıca qiyməti olub. Yəni malı-mala qatmayan Hacılı və ətrafı vizanın pulunu ayrı, fotonun pulunu ayrıca alıb. Bu işdə Hacılının Müsavatın başqanı İsa Qəmbərlə birgə fəaliyyət göstərməsi şübhə doğurmur. Mühacir olmaq üçün onunla şəkil çəkdirmək istəyən şəxslərə Qəmbər həvəslə həmişə zaman ayırıb.
Hacılının "mühacir biznesi"ndə ilkin qiymətlər belə olub: vətəndaşın Müsavatın üzvü olması ilə bağlı partiya başqanı kimi Hacılının imzasının atıldığı arayış 1000 avro; Qəmbər və özü ilə şəkil çəkdirilməsi ilə verilən arayış (mühacirətə göndərilən müştəri onların ortasında olmaqla) 1500 avro.
"Mühacir alveri"ndə Hacılıya başqan Qəmbərlə yanaşı, Müsavatın digər yetkililəri, xüsusilə Gülağa Aslanlı, bir zamanlar Binəqədi Rayon Təşkilatının sədri olmuş Tofiq Yaqublu böyük dəstək verib və şərikli bu prosesi yürüdüblər. Cəmiyyətə "təmiz", "kristal şəxs" kimi təqdim olunan Yaqublu rayon təşkilatının sədri və daha sonra isə sədr müavini olarkən kifayət qədər ciddi rəqəmlərlə ifadə edilən saxta arayışlar hazırlayıb. Guya Müsavatın rayon təşkilatının üzvləri olması barədə ayrı-ayrı vətəndaşlara köhnə tarixlə üzvlük haqqında arayışlar verilib.
Hacılının və yaxın ətrafının fırıldaqları, "mühacir alveri"nin ifşası sonradan bu biznesin qurbanı olan şəxslər tərəfindən ictimaiyyətə açıqlanmaqla başlayıb. Belçikada, Almaniyada, Fransada mühacirətdə olan şəxslər, onların müvəqqəti yaşamaq icazəsi baş tutmayanda açıqlamalar verərək, iddialar irəli sürüblər. Bu iddiaları jurnalist araşdırmaları, ardınca açılan cinayət işləri də təsdiqləyib. Jurnalist Elbəyi Həsənlinin vaxtilə bu barədə geniş araşdırmasında Hacılının indiyə qədər mühacirətə getmək üçün təxminən 100-dən çox şəxsə saxta arayış təqdim etdiyi yer alıb. Azərbaycan vətəndaşlarına verilən bu arayışların heç də hamısı yararsız olmayıb. Onların bir qismi Almaniyada və s. ölkələrdə müvəqqəti yaşamaq icazəsi ala bilib, bu icazəni ala bilməyənlər isə prokurorluğa müraciət ediblər. 2016-cı ildə Almaniyada siyasi sığınacaq almış jurnalist və Müsavat Partiyasının üzvü Yafəs Həsənov da mətbuata açıqlamasında Müsavatın 10 ildir, bu işlə məşğul olmasını bildirib. Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycan valyutasının çökməsindən sonra bu biznes sahəsi çiçəklənmə dövrünə qədəm qoyub. Bu biznesdə həm Azərbaycanda, həm də xaricdə olan Müsavat üzvləri iştirak ediblər.
Qeyd edək ki, bütün bu dəlillər Hacılının və partiya rəhbərliyində ona yaxın olan şəxslərin mühacir biznesi ilə bağlı Azərbaycan Respublikası Prokurorluğunda cinayət işi açılması ilə nəticələnib. Sonradan Almaniya prokurorluğu da bu barədə cinayət işi açıb. Almaniyada da oxşar cinayət işinin açılması Hacılının bu biznesi həmin ölkəyə daşıması nəticəsində baş verib. Belə ki, Hacılı Almaniyada Müsavat Partiyasının və müxalifətin Avropa Koordinasiya Mərkəzi (AKM) adlı təşkilatını yaradıb və bu işləri etibarlı adamı, Kəlbəcərin keçmiş icra başçısı İlham Həsənova həvalə edərək təşkilata rəhbər qoyub. Frankfurtda təsis olunan AKM 2016-cı ildən Avropada Müsavatın fəaliyyətini koordinasiya edən qurum kimi tanınıb. Mühacir biznesini Almaniyada çiçəkləndirən Hacılının tapşırığı ilə həmin qurum adından müraciət edən şəxslərə 2000-3000 avro, bəzən daha yuxarı məbləğ qarşılığında arayışlar verilib. Qısası, Almaniyanın özündə arayışlar verilməklə bu alver daha əlçatan edilib. 2019-cu il noyabrın 13-də alman polisi ölkənin 13 mərkəzində Azərbaycandan gələn mühacirlər arasında reyd keçirib. Azərbaycana deportasiya olunan vətəndaşlar sırasında adları olan şəxslərin bir qisminin adları Müsavatın mühacir biznesində yer alanlar olması açıqlanan ayrı-ayrı siyahılarla təsdiqini tapıb.
Bununla bağlı İlham Həsənov zamanında Almaniyanın rəsmi qurumları tərəfindən cinayət məsuliyyətinə cəlb olunub, hətta həbs edilib. Partiya arayışları məhkəmə qərarı ilə ləğv olunub və "hüquqi" qüvvəsini itirib. Bundan sonra Hacılının "mühacir biznesi" süquta uğrayıb.
Beləliklə, Hacılı və ətrafının törətdikləri əməllərin hüquqi məsuliyyət yaratdığını qətiyyətlə söyləmək mümkündür və hamını öz adı ilə çağırmağın vaxtıdır. Bu şəxslərin fəaliyyətinin təftiş olunması üçün daha nə baş verməlidir ki?! Müxalifətçilik missiyası altında dövlətçiliyə zidd fəaliyyət göstərənlər, çirkin maliyyə maxinasiyaları ilə məşğul olanlar üçün mühakimə vaxtı yetişib. Əli Kərimli, Arif Hacılı, daha kimlər...zaman göstərəcək! Sonuc olaraq antimilli ritorika, milli dəyərlərə qarşı yönəlmiş təbliğat və xarici fondların təsiri altında aparılan destruktiv fəaliyyətlər qəti şəkildə rədd edilməlidir.
E.Babayev Oxu.Az
Rusiya lideri Vladimir Putin Türkmənistana səfəri zamanı türkiyəli hə
İki aydan çoxdur dənizdə batdığı ehtimal edilən Tural Sultanovun axtarı
Permdə universitet laboratoriyasında partlayış baş verib.
Türkiyəli jurnalist Ənvər Aysevər polis tərəfindən saxlanılıb.
İstanbul və Yalova polisi tanınmış müğənni Güllü (əsl adı Gül Tut)
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır
Dekabr ayında üç bürcün nümayəndələri həyatlarındakı əsas dönüş
İntensiv yağan yağış nəticəsində Sabunçu rayon Yavər Əliyev küçəsi
Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilər
Ukrayna ilk dəfə Rusiyanın Xəzər dənizindəki neft infrastrukturuna zərb�
"The Marvelous Mrs. Maisel" və "New Amsterdam" kimi məşhu
Məhkəmə ekspertizası fəaliyyətinin maliyyə dayanıqlılığının təmin
Rusiyalı aktrisa Natalya Rudova "Super" nəşrinə müsahibəsində h
Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçə v�
Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilər
