Rəqəmsal pərdə: Rusiya öz internetini necə yenidən qurur
Siyasət 23 Avq 2025 10:42:00 85 0
Rusiyada gözlərimizin önündə misilsiz bir layihə həyata keçirilir. Söhbət yalnız texniki təkmilləşdirmədən yox, köklü arxitektura dəyişikliklərindən gedir. "Suveren Runet" adlanan kurs sadəcə kiberhücumlara cavab və ya informasiya axınlarına nəzarət təşəbbüsü deyil. Bu, interneti ümumbəşəri açıq infrastrukturdan çıxarıb, dövlət idarəçiliyinin sərt mexanizminə çevirmək cəhdidir. Başqa sözlə, dünya şəbəkəsindən ayrılan, yalnız daxili ehtiyaclara hesablanmış xüsusi bir rəqəmsal ekosistem yaradılır.
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Bu transformasiyanın ikili mahiyyəti var. Kreml bunu "xarici təzyiqə qarşı sipər" kimi təqdim edir. Amma işin gerçək üzü başqadır: açıq mühitin daraldılması, müstəqil informasiya mənbələrinin sıradan çıxarılması və ölkənin texnoloji təcridə sürüklənməsi.
Açıq resursların daralması: faktlar və meyllər
Son bir il ərzində baş verənlər prosesin miqyasını açıq göstərir. Beynəlxalq analitik qurumların, o cümlədən ShadowServer Foundation-un məlumatına görə, 2024-cü ilin payızında Rusiyada təxminən 920 min açıq server və cihaz mövcud idisə, 2025-ci ilin ortasına bu rəqəm cəmi 270 minə enib.
Bu, kiçik rəqəmlə ifadə olunan statistik oyun deyil, uçurum qədər fərqdir. Müqayisə üçün: ABŞ-da 7 milyona yaxın açıq server var, Almaniyada 1,8 milyon, Çində isə 1,2 milyon. Rusiya isə indi sırf göstəricilərinə görə İsveç və Rumıniya kimi orta ölçülü Avropa ölkələrinin səviyyəsinə düşüb.
Üstəlik, söhbət yalnız köhnəlmiş avadanlığın dövriyyədən çıxmasından getmir. Poçt serverləri, VPN qapıları, marşrutlaşdırıcılar, videomüşahidə sistemləri, balanslaşdırıcı qurğular - hamısı ard-arda sıradan çıxarılıb. Bu mənzərə açıq rəqəmsal mühitin məqsədli şəkildə sökülüb, əvəzində tam nəzarət altında, izolyasiya olunmuş bir şəbəkə düzəldildiyini göstərir.
Texnoloji təcrid kursu
Moskvanın seçdiyi yol - "rəqəmsal pərdə" siyasətidir. Bu, XX əsrin "dəmir pərdəsinin" müasir kiber ekvivalentidir. Milli seqmentlər qapalı sistemə çevrilir, beynəlxalq trafikin hərəkəti sərt filtrdən keçir, getdikcə daha çox resurs ölkədaxili domen zonalarına köçürülür.
Nəticədə "intranet modeli" formalaşır: ölkə formal olaraq qlobal şəbəkəyə qoşulur, amma xarici resurslara çıxış süzgəcdən keçirilir, daxili infrastruktur isə muxtar rejimdə fəaliyyət göstərir.
Rəsmi ideologiya bunu "milli təhlükəsizliyin zəmanəti" kimi göstərir. Amma əslində, bu addım senzuranı möhkəmləndirir, informasiya azadlığını boğur, elm və biznes üçün isə süni nəfəs aparatına çevrilmiş qısqaclar yaradır.
Cəmiyyət və iqtisadiyyat üçün nəticələr
Açıq resursların azalması - quru statistika deyil, iqtisadiyyatın gələcəyi üçün birbaşa təhlükədir. Hər bağlanan şəbəkə, hər bloklanan qapı Rusiyanın dünya texnoloji sisteminə inteqrasiyasını zəiflədir. Elm və İT sektoru üçün bu, kabellərin qoparılması ilə eynidir: məlumat mübadiləsi çətinləşir, beynəlxalq layihələr dalana dirənir, innovasiya tempini itirir.
Amma ən ağır zərbə cəmiyyətin özünə dəyir. Qlobal informasiya məkanından təcrid olunan vətəndaş dövlət mənbələrinə, lokallaşdırılmış servislərə möhtac qalır. Bu isə "rəqəmsal getto"nun bünövrəsini qoyur: tam informasiya nəzarəti və ictimai şüurun istədiyi kimi yönləndirilməsi üçün münbit mühit.
Rəqəmsal protektorat: məcburi tətbiqlər və yoxa çıxan zənglər
Rusiya addım-addım öz rəqəmsal mühitini yenidən qurur və onu "suveren internet" məntiqinə tabe edir. Baş nazir Mixail Mişustinin imzaladığı qərarlarla bütün cihaz kateqoriyaları üçün məcburi tətbiqlərin siyahısının genişləndirilməsi bu kursun növbəti mərhələsi oldu. Əgər əvvəllər söhbət milli infrastrukturun "skeleti"ndən - data mərkəzlərindən tutmuş trafik marşrutizasiyasına qədər - gedirdisə, indi dövlət diqqəti sırf istifadəçi interfeysinə yönəldir. Nəticədə hər cihaz bazara çıxarkən artıq "doğru" hesab olunan servislərlə təchiz olunur. Başqa sözlə, hökumət rəqəmsal protektorat qurur.
RuStore - iPhone-a da, HyperOS-a da
2025-ci il sentyabrın 1-dən etibarən Rusiyanın RuStore mağazası təkcə Android cihazlarda deyil, iPhone, iPad və hətta HyperOS-la işləyən qurğularda da əvvəlcədən quraşdırılacaq. Bu addım Moskvanın qlobal App Store və Google Play-in monopoliyasını sistemli şəkildə zəiflətmək niyyətini göstərir. Daha bir detal - VK Messenger-in əvəzlənməsi. Onun yerinə "Max" adlı yeni platforma gətirilir və bu tətbiq universal kommunikasiya nüvəsinə çevrilməlidir.
"Yeganə Video" - vahid dövlət kanalı
İkinci mərhələ 2026-cı ilin yanvarına planlaşdırılıb. Burada söhbət daha radikal dəyişiklikdən gedir: RuTube-un yerini "Yeganə Video" tutur. Yeni platforma həm RuTube-un, həm də digər videoxidmətlərin funksiyalarını özündə birləşdirərək, kontentin yayılması üçün dövlət nəzarətində vahid kanal formalaşdıracaq. Huawei cihazlarında isə HarmonyOS istifadəçiləri daha sərt yanaşma ilə üzləşəcəklər: buraya bir dəfəyə yeddi yeni tətbiq əlavə olunur - o cümlədən Mir Pay və "Çestnıy znak". Yəni insana sadəcə interfeys yox, "açar təhvil" bağlı ekosistem təqdim olunur.
Milli standartlaşdırılmış paket
Əməliyyat sistemləri üzrə məcburi tətbiqlərin təsnifatı artıq mənzərəni tam aydın göstərir. Əslində bu, dövlət tərəfindən milli səviyyədə standartlaşdırılmış proqram paketidir: - Android-də Yandex, Mail.ru və VK-dan ibarət demək olar tam "rəqəmsal kombayn"; - iOS-da eyni sxem, sadəcə Mir Pay və bəzi sosial şəbəkələrsiz; - HarmonyOS-da genişləndirilmiş siyahı - cihazı tamamilə yerli xidmət terminalına çevirir; - HyperOS-da hələlik yalnız RuStore, amma bu başlanğıcdır.
Əsas məqam isə alternativin sıradan çıxarılmasıdır. Əgər telefon artıq dövlət və dövlətə bağlı servislərlə yüklənmiş şəkildə istehlakçıya çatdırılırsa, vətəndaşın xarici analoqları axtarma ehtimalı minimuma enir.
Zənglərin "susdurulması"
Paralel olaraq başqa bir xətt də işə salınıb - qlobal messencerlərin funksiyaları məhdudlaşdırılır. 2025-ci ilin avqustunda milyonlarla istifadəçi birdən-birə Telegram və WhatsApp-da səsli və vide zənglərin işləmədiyini gördü. Roskomnadzor bunu "telefon fırıldaqçılığı ilə mübarizə" ilə izah etməyə çalışdı. Amma ekspertlərin fikrincə, bu, sadəcə rəsmi bəhanədir.
Reallıqda məqsəd tamamilə başqadır: xarici messencerləri rabitə sferasından sıxışdırmaq və insanları Max-a və ya daxili alternativlərə məcbur etmək. Çünki mətn mesajlarını senzura altına salmaq mümkündür, amma şifrələnmiş səsli kanallar xüsusi xidmətlər üçün "kor zona" yaradır.
Tam nəzarətli rəqəmsal mühit
Məcburi tətbiqlərin quraşdırılması ilə xarici platformaların əsas funksiyalarının sıradan çıxarılması birləşəndə tam bir rəqəmsal pərdə qurulur. Məqsəd budur ki, vətəndaşların informasiya, maliyyə və sosial əlaqələri yalnız dövlətin nəzarətində olan yerli servislər vasitəsilə baş versin.
Bir neçə il əvvəl belə ssenari fantaziya kimi görünürdü. İndi isə o, soyuq cərrahi dəqiqliklə həyata keçirilir - ən aşağı səviyyəli protokollardan tutmuş ən sadə istifadəçi interfeysinədək.
Rəqəmsal blokadaların üç qatı: iqtisadiyyatdan siyasətə qədər
Bu gün Rusiyada WhatsApp və Telegram zənglərinin məhdudlaşdırılması ilə bağlı müxtəlif versiyalar dövriyyədədir. İlk baxışdan məsələ sırf biznes maraqları ilə əlaqələndirilir.
Mobil operatorların maraqları - inandırıcı olmayan versiya
Ən sadə izah mobil operatorların gəlirləri ilə bağlıdır. VoIP-zənglər - yəni messencerlər vasitəsilə edilən səsli və video əlaqə - artıq illərdir klassik səsli rabitənin gəlir modelini sarsıdır. Xüsusilə beynəlxalq zənglər və rouminq seqmentində bu tendensiya daha qabarıqdır. Teorik olaraq belə məhdudiyyətlər "böyük dördlüyə" - MTS, "MegaFon", "Beeline" və T2-yə itirilmiş gəlirləri qaytarmalı idi.
Amma bu məntiq dağılır. "İnternet Müdafiəsi Cəmiyyəti"nin rəhbərlərindən Mixail Klimarevin sözlərinə görə, səsli xidmətlərin azalması əvəzində internet-trafikin kəskin artması operatorları ziyana salmayıb, əksinə, VoIP-in əsas qazanclarından biri də onlar olub. Deməli, blokadaların təşəbbüskarı operatorlar deyil və şirkətlərin özləri də bu məsuliyyəti boynuna almaq istəmir.
"Təhlükəsizlik" pərdəsi - rəsmi arqumentin ziddiyyətləri
Rəsmi izah isə başqa cürdür. Rəqəmsal inkişaf naziri Maksut Şadayevin sözlərinə görə, guya fırıldaqçı zənglərin 80 faizi WhatsApp üzərindən həyata keçirilir. Amma dövlətin öz statistikası bunun əksini göstərir: ötən il messencerlərdə fırıldaqçılıq cəhdlərinin payı 22,5 faizdən 15,7 faizə düşüb. Yəni dinamika enişdədir, amma hökumət "dəqiq hədəfli tədbirlər" əvəzinə, ümumi səsli trafiki qapadır. Burada "təhlükəsizlik" sadəcə gözə kül üfürmək, dərin niyyətləri ört-basdır etmək üçün istifadə olunur.
Ən real versiya - sınaq və kalibrləmə
Üçüncü versiya isə daha inandırıcı görünür. Bu, nə tam qadağadır, nə də açıq buraxılmış mexanizm. Bu, hakimiyyətin sistemini sınaqdan keçirmə üsuludur. Qarşıda ola biləcək siyasi böhranlar, payızda gözlənilən "şatdaun" ssenariləri, yalnız "ağ siyahı"dakı resursların işləməsi barədə söhbətlər fonunda məhz belə addımlar kritik məna qazanır. WhatsApp və Telegram zənglərinin bağlanması artıq "rəqəmsal pərdə"nin hazırlanmasının tərkib hissəsinə çevrilib. Dövlət kanalları tam nəzarətə götürməyə çalışır.
Maraqlısı odur ki, bu məhdudiyyətlərə etiraz təkcə liberal dairələrdən yox, həm də Z-bloqerlərdən, məmurların özündən, hətta parlamentdən gəldi. Dövlət Dumasının informasiya siyasəti komitəsi sədr müavini Anton Tkaçev açıq etiraf etdi ki, nəticə yalnız kütləvi VPN artımı olacaq. Daha sərt reaksiya Yaroslav Nilovdan gəldi: o, bu addımı "vaxtsız" və "asosial" adlandırdı. Amma Rusiyada ənənəvi ssenari işləyib: qısa rezonansdan sonra bütün tənqidlər informasiya fonunda itib-batdı, rəsmi xətt isə dəyişməz qaldı.
DPI - rəqəmsal senzuranın cərrahi aləti
Bu blokadaların texniki tərəfi də çoxdan hazırdır. Mobil operatorların infrastrukturunda DPI - Deep Packet Inspection texnologiyaları quraşdırılıb və onlar TSPU ("Təhlükələrə Qarşı Texniki Vasitə") ilə inteqrasiya olunub. DPI səsli trafikin imzasını tanıyır (məsələn, SIP protokolu), serverlə əlaqəni kəsir, keyfiyyəti aşağı salır və ya tam bloklayır. Nəticədə zəng ya yarımçıq dayanır, ya da səs anlaşılmaz uğultuya çevrilir.
Başqa sözlə, dövlət sadəcə "söndürmür", həm də funksiyaların hansı dərəcədə sıradan çıxarılacağına incəliklə nəzarət edir. Bu, panikanın qarşısını alır və insanları addım-addım "doğru" sayılan yerli tətbiqlərə yönləndirir.
Alternativ yanaşmalar - problemi həll etmək olar idi
Paradoks ondadır ki, telefon fırıldaqçılığı həqiqətən ciddi problemdir. Amma beynəlxalq təcrübə göstərir ki, bunun həlli üçün kütləvi blokadalara ehtiyac yoxdur.
- ABŞ və Kanadada STIR/SHAKEN protokolları tətbiq olunur. Onlar nömrə saxtalaşdırmalarını izləyir və şübhəli zəngləri kəsir. Rusiyada isə "Antifrod" sistemi var, amma o, tam potensialı ilə işləmir. - Messencerlərin özlərinin də alətləri mövcuddur. Telegram illərdir Antispam Bot və maşın öyrənməsinə əsaslanan mexanizmlərlə şübhəli hesabları aşkarlayır. WhatsApp da kütləvi yönləndirməni məhdudlaşdırır, şübhəli davranışları analiz edir və hesabları bağlayır.
Bəli, bunlar problemi tamamilə aradan qaldırmır. Amma ən azı insanları rabitəsiz qoymadan, daha zərif yolla riskləri azaldır. Halbuki Rusiyanın seçdiyi kurs - milyonlarla istifadəçi üçün əlaqəni sıradan çıxaran "rəqəmsal kəsici"dir.
Əsas fərq budur: inkişaf etmiş rəqəmsal bazarlar təhlükəsizliklə azadlıq arasında balans axtarır. Rusiya isə şəbəkəni güc strukturlarının kobud idarəçiliyinə tabe edir. Burada blokada universal cavaba çevrilib: istənilən çağırışa, istənilən problemlərə yeganə cavab - sönmüş düymə.
"Suveren internet" siyasətinin hədəfləri və motivasiyası
Rəsmi Moskvanın ritorikası bir qayda olaraq eyni tezis üzərində qurulur: xarici hücumlardan kritik infrastrukturu qorumaq. Sanksiyaların kölgəsində, avadanlıqların böyük hissəsinin köhnəldiyi və yenilənə bilmədiyi şəraitdə bu arqument ilk baxışdan məntiqli görünür. Həqiqətən də, qocalmış serverlər və sistemlər hakerlər üçün zəif "giriş nöqtələri"nə çevrilir. Xarici kanalların daraldılması isə həmin zəiflikləri bağlayaraq Runeti bir növ "rəqəmsal qala"ya çevirməli idi.
Amma kibertəhlükəsizlik bu prosesin yalnız bir üzüdür. Son illərdə banklara, dövlət qurumlarına və hətta 2025-ci ilin iyulunda "Aeroflot"a edilən hücumlar göstərdi ki, milyardlarla dollarlıq müdafiə xərcləri belə mütləq toxunulmazlıq vermir. Deməli, "təhlükəsizlik" arqumenti izahdan çox bəhanə funksiyasını daşıyır.
Mərkəzləşdirilmiş nəzarət - əsas hədəf
Daha mühüm motiv - trafikin və kontentin mərkəzləşdirilmiş idarəsidir. 2019-cu ildə "suveren Runet" qanunu qəbul ediləndən sonra Roskomnadzor həm hüquqi, həm də texniki səlahiyyətlər əldə etdi. Artıq sınaqlar da keçirilib: bəzi regionlarda YouTube-a giriş bağlanıb, Google-un sürəti süni şəkildə azaldılıb. "Açar əvəzlənməsi" infrastrukturunun mövcudluğu isə o deməkdir ki, istənilən an internet tam idarə olunan filtrasiya alətinə çevrilə bilər.
Beləliklə, Rusiyanın kursu şəbəkənin fəlsəfəsini dəyişir. Qlobal internet - sərbəst informasiya mübadiləsinə hesablanmış desentralizasiya modeli, Rusiya modeli isə - şaquli idarə olunan sistemdir, burada hər kanal istənilən vaxt bağlana və ya məhdudlaşdırıla bilər.
İnkişaf etdirmək yox, əvəz etmək
Üçüncü faktor - sənaye maraqlarıdır. Xarici xidmət və texnologiyalara çıxışı kəsməklə Kreml daxili rəqəmsal bazarı süni şəkildə canlandırmaq istəyir. Sosial şəbəkələrdən ödəniş sistemlərinə qədər dövlət Qərb analoqlarının yerli nüsxələrinə milyardlarla pul yatırır. Amma nəticələr ziddiyyətlidir: RuTube, "Yeganə Video", RuStore hələ də funksionallıq və rahatlıq baxımından rəqiblərinə uduzur. İstifadəçilərin narazılığı göz qabağındadır, amma inzibati təzyiq bu məhsulları gündəlik həyatın ayrılmaz hissəsinə çevirməyə məcbur edir.
Dövlət üçün bu siyasət ikili effekt verir. Bir tərəfdən, xarici risklərə ani reaksiya və tam nəzarət imkanı yaranır. Digər tərəfdən, informasiya və texnoloji təcrid dərinləşir. Şirkətlər beynəlxalq bazarda çevikliyini itirir, rəqəmsal mühit qapalı ekosistemə çevrilir.
Vətəndaşlar üçünsə mənzərə daha qaranlıqdır. VPN-lər bloklanır, tanış xidmətlər əlçatmaz olur, yerli analoqlara keçid isə əsəb doğurur. İnternet - dünyaya açılan pəncərə rolundan çıxaraq əvvəlcədən seçilmiş və təsdiqlənmiş kontent vitrinə çevrilir.
Gecikmiş "rəqəmsal dəmir pərdə"
Çin 1990-cı illərdə "Böyük firewall"u qurmağa başlamışdı. Rusiya isə uzun illər qloballaşmaya güvənirdi. Qərb texnologiyalarının sərbəst idxalı şəraitində "suveren internet" anlayışı gündəmə belə gəlmirdi. Ancaq 2014-cü ilin böhranı, sanksiyalar və 2022-dən sonra Qərblə açıq qarşıdurma Moskvanı ayıltdı: texnoloji asılılıq ölkənin ahil dabanıdır.
Bu gün Kreml itirilənləri sürətlə bərpa etməyə çalışır, layihəni milyardlarla maliyyələşdirir. Amma qarşısında kəskin dilemmadır: qapalı, amma işlək bir sistem qurmaq, yoxsa ölkəni texnoloji ikinci dərəcəliliyə məhkum etmək.
Tarixi dönüş
Rusiyanın "suveren interneti" təkcə texniki layihə deyil, qlobal sosial eksperimentdir. İlk dəfə olaraq, yüz milyonluq istifadəçi auditoriyası olan bir ölkə şüurlu şəkildə rəqəmsal avtarxiyaya gedir. Bu seçim təkcə IT sənayesinin taleyini deyil, dövlətlə cəmiyyətin münasibətini də müəyyənləşdirəcək.
Bu, XX əsrin "dəmir pərdəsi"ni xatırladan dönüş nöqtəsidir. Sadəcə bu dəfə pərdə dəmirdən və betondan yox, kodlardan, filtrlərdən və DPI-dən hörülür.
Yekun əvəzi
Rusiya yeni bir internet modeli qurur: qapalı, nəzarət olunan, milliləşdirilmiş. Əgər qlobal internet azadlıq, üfüqi əlaqələr və bərabər çıxış prinsipləri üzərində qurulmuşdursa, "suveren Runet" artıq rəqəmsal proteksionizmin və informasiya avtarxiyasının alətinə çevrilir.
Sual indi budur: ölkə rəqəmsal təcrid şəraitində rəqabətədavamlı qala biləcəkmi, yoxsa bu kurs onu strateji geriləməyə aparacaq?
Mənbələr
ShadowServer Foundation - https://www.shadowserver.org Rusiyada açıq hostların statistikası (ShadowServer 2025) - https://dashboard.shadowserver.org/statistics Çinin "Böyük Firewall"u (Freedom House) - https://freedomhouse.org/report/freedom-net/2023/china BƏƏ və VoIP-bloklamalar (TRA UAE) - https://www.tra.gov.ae/en/voip-blocking.aspx Omana WhatsApp zənglərinə qadağa (BBC) - https://www.bbc.com/news/technology-oman-voip-ban Rusiyada DPI və internet nəzarəti (NetBlocks) - https://netblocks.org/reports/russia-deep-packet-inspection-dpi Təhlükələrə qarşı texniki vasitələr (Roskomnadzor) - https://rkn.gov.ru/tspu "Suveren Runet" qanunu (2019) - http://publication.pravo.gov.ru/Document/View/0001201905010001 RF Rəqəmsal İnkişaf Nazirliyi - https://digital.gov.ru Maksut Şadayev WhatsApp və dələduzluq barədə (RBK) - https://www.rbc.ru/technology/shadaev-whatsapp-fraud Mişustin məcburi tətbiqlər haqqında - http://government.ru/news/50000 RuStore (VK) - https://rustore.ru RuTube - https://rutube.ru "Yeganə Video" layihəsi (TASS) - https://tass.ru/ekonomika/edinoe-video Rusiyada Huawei HarmonyOS (RIA) - https://ria.ru/20250601/harmonyos-russia Mir Pay - https://mironline.ru/mir-pay "Çestnıy Znak" - https://честныйзнак.рф Telegram zənglərin bloklanması barədə - https://telegram.org/blog/calls-blocked-russia Rusiyada WhatsApp zənglərinə məhdudiyyət (The Bell) - https://thebell.io/whatsapp-calls-russia MTS internet trafiki barədə - https://moskva.mts.ru/about/media-centr/press-centr/ MegaFon rəsmi məlumatlar - https://corp.megafon.ru/press/ Beeline (Vimpelkom) - https://beeline.ru/about/press/news Tele2 Rusiya - https://msk.tele2.ru/about/news İnternetin Müdafiəsi Cəmiyyəti - https://oisd.org.ru Mixail Klimarev bloklamalar barədə (Meduza müsahibəsi) - https://meduza.io/feature/klimarev-interview Anton Tkaçev VPN qadağası barədə (RTVI) - https://rtvi.com/news/tkachev-vpn-ban Yaroslav Nilov zənglərə qadağa barədə (Kommersant) - https://www.kommersant.ru/doc/niilov-voip DPI və senzura (Citizen Lab) - https://citizenlab.ca/tag/dpi STIR/SHAKEN protokolu (ABŞ FCC) - https://fcc.gov/stir-shaken Rusiyada Antifrod sistemi (Mərkəzi Bank RF) - https://cbr.ru/antifraud Telegram Antispam Bot - https://t.me/antispambot WhatsApp-un dələduzluğa qarşı tədbirləri - https://faq.whatsapp.com/general/security-and-privacy Freedom House "Freedom on the Net 2024" - https://freedomhouse.org/report/freedom-net/2024 NetFreedom Pioneers Russia - https://netfreedompioneers.org/russia Rusiya sanksiyaları və İT (Carnegie) - https://carnegieendowment.org/russia-it-sanctions "Aeroflot"a kiberhücum (2025) (Reuters) - https://www.reuters.com/business/aeroflot-cyberattack-2025 Milli layihə "Rəqəmsal iqtisadiyyat" - https://digital.gov.ru/eco Roskomnadzor YouTube-un yavaşıdılması barədə - https://rkn.gov.ru/news/youtube-slow RF-də "ağ siyahılar" internet resursları (BBC) - https://www.bbc.com/russian/news-russia-white-list Rusiyadakı banklara kiberhücumlar (Group-IB) - https://group-ib.com/blog/russian-banks-2024 BGP və internetin kəsilməsi (RIPE NCC) - https://ripe.net/bgp-russia Misirdə DPI analizi (OONI) - https://ooni.org/post/egypt-internet-blocks Tunis və bloklamalar (AccessNow) - https://www.accessnow.org/tunisia-blocks-voip Rusiya və rəqəmsal avtarxiya (Atlantic Council) - https://atlanticcouncil.org/russia-digital-isolation ICANN şəbəkələrin təcridi barədə - https://icann.org/russia-sovereign-internet ÜTT və rəqəmsal ticarət (WTO) - https://wto.org/digital-trade-2024 OECD rəqəmsal suverenlik hesabatı - https://oecd.org/digital/digital-sovereignty-2024 ITU kibertəhlükəsizlik barədə - https://itu.int/en/ITU-D/Cybersecurity Rusiya və İT-də idxalı əvəzləmə (Forbes Russia) - https://www.forbes.ru/tekhnologii/it-import-substitution Global Voices Runet barədə - https://globalvoices.org/tag/runet
ABŞ prezidenti sədrliyində keçiriləcək sülh danışıqları Rusiyanın fa

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri İs

Dövlət İmtahan Mərkəzi 2025/2026-ci tədris ili üçün ali təhsil müəss

ABŞ Prezidenti Donald Trampın fikrincə, Ukrayna ilə bağlı münaqişənin h

Ötən gün ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunub.

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə

Astroloqların proqnozlarına görə, bu gün ərzində bəzi bürclər müsbət

İstirahət üçün rayonlara üz tutanların bəziləri təhlükəli ərazilər

Mətbəxdə diqqət yetirmədiyiniz kiçik bir vərdiş sağlamlığınız üç�

İllərdir 2-ci tip şəkər xəstələri üçün təhlükəli hesab edilən man

Misirin İsgəndəriyyə sahillərində aparılan arxeoloji araşdırmalar zaman

Moda dünyası 2025-ci ilin payız mövsümündə trendləri müəyyənləşdir�

Repçi Emirhan Çakal, Tekirdağın Hayrabolu rayonunda keçirilən 33-cü Gün�

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukraynadakı m
